Ermənistanın atəşkəsi ağır texnika vasitəsilə pozması Azərbaycan tərəfinin səbrini daşırıb və 12 saat davam edən döyüşdə çoxsaylı ağır texnikadan istifadə edilib
İyun ayının 7-8-də Ermənistanın atəşkəsi pozması və hücuma keçməsinin qarşısını alan Azərbaycan Ordusunun əks həmləsiylə bağlı məlumatlar həddindən artıq məxfi saxlanılır. Bunun nəticəsində müxtəlif şayiələr yayılıb.
Defence.az saytının “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, həmin tarixdə erməni hücumunun qarşısını alan Azərbaycan Ordusu dərhal əks-hücuma keçib. Xüsusi təlim görmüş ordu birləşməsinin (həmin hərbi hissənin nömrəsi, dislokasiya tarixi də bizə məlumdur, ancaq məxfiliyi nəzərə alaraq, yazmırıq) iştirakı ilə əks həmlə Horadiz və Qazax istiqamətindən həyata keçirilib. Nəticədə Azərbaycan ordusu Horadiz istiqamətində düşmən nəzarətindəki 2, Qazax tərəfdən isə Ermənistan ərazisindəki Azərbaycanın anklavı olan 3 kəndi işğaldan azad edib.
Azərbaycan hərbi generalitetinin "10 günə Yerevanı alarıq" açıqlamasının məhz Qazax üzərindən başlayan əməliyyat reallığından qaynaqlandığını söyləyən mənbənin məlumatına görə, bu hədənin gerçəkliyini Ermənistan rəhbərliyi yaxşı anlayır: "Hədə Ermənistana ünvanlanmışdı və detalları açıqlanmayan əməliyyatın nəticəsi nəzərə çatdırılırdı”.
Qaynağımız bildirir ki, Ermənistanın atəşkəsi ağır texnika vasitəsilə pozması Azərbaycan tərəfinin səbrini daşırıb və 12 saat davam edən döyüşdə çoxsaylı ağır texnikadan istifadə edilib.
Ermənistanla müqayisədə iki dəfə az olsa da, Azərbaycan Ordusunun rəsmən açıqlandığı rəqəmdən fərqli olaraq qat-qat artıq itkiyə məruz qaldığı da mənbənin məlumatları sırasındadır.
Hazırda şəhid əsgərlərə məlum münasibəti də mənbə bununla əsaslandırır: “Azərbaycan dövləti şəhidlərinin sayını gizlətməyə çalışır. Çünki bir neçə saatlıq "atəşkəs pozulması"nda bu qədər qarşılıqlı itginin verilməsi mümkün deyil və bu fakt ictimaiyyətdə narazılıq, beynəlxalq aləmdə isə müharibənin başlanması barədə rəy yarada bilər. Ona görə də Azərbaycan şəhid olan əsgər nəşlərini mümkün qədər gizli şəkildə ailələlərinə təqdim edir, bu isə şəhid atasının özünü yandırması səviyyəsində kəskin reaksiya doğurur”.
Azərbaycan Ordusunun 40-dək şəhid verdiyini iddia edən mənbənin sözlərinə görə, döyüş əməliyyatları Rusiyanın birbaşa müdaxiləsi sayəsində dayandırılıb: “Əhalinin Uçan Naməlum Obyekt saydığı raketi Rusiya xəbərdarlıq üçün Azərbaycan hava məkanına göndərmişdi. Bu, hədə idi. Rusiya hücumun dayandırılmayacağı təqdirdə birbaşa hərbi müdaxilə edəcəyi barədə dediklərinin sübutu kimi həm raket buraxdı, həm də Dağlıq Qarabağa hərbi təyyarələr göndərəcəyini rəsmən açıqladı. Məhz bundan sonra Azərbaycan Ordusu hücum əməliyyatını dayandırmağa məcbur oldu”.
Mənbə qeyd edir ki, Rusiyanın dərhal reaksiya verəcəyini və hərbi gücə əl atacağını Azərbaycan hakimiyyəti gözləmirmiş: “Ehtimal olunurdu ki, Hillari Klintonun Bakı səfəri ərəfəsində Rusiya Azərbaycana hərbi gücünü göstərməyə tələsməyəcək. Bu fürsəti dəyərləndirməyə çalışan Azərbaycan hərbi elitası 2 günlük əməliyyatla sülh danışıqlarında əhəmiyyətli dəyişikliyə nail olmaq istəyirdi. Ancaq Rusiya bu planın icrasına imkan vermədi”.
Yorumlar