İranda 15 azərbaycanlı fəal həbs və şallaq cəzasına məhkum edilib

Bakı. Könül Cəfərli – APA. Təbriz Məhkəməsinin 104-cü şöbəsi 15 azərbaycanlı fəal barəsində qərar çıxarıb. APA-nın məlumatına görə, dövlətə qarşı çıxmaqda və qanunsuz aksiyalarda iştirak etməkdə təqsirləndirilən azərbaycanlı fəallar həbs və şallaq cəzasına məhkum ediliblər. Təbriz Məhkəməsinin hakimi Kiyanuş Şükuhtazə İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) tələbi ilə Məsud Cəlilzadə, Möhsün Gülüstani, Səid İbrahimzadə, Pərviz Saidiyan və Məhəmməd Əhmədiyə 1 il həbs və 70 zərbə şallaq, digər 10 nəfərə (Kəyumərs Niknam, Mehdi Məhəmmədpur, Həmid Andaz, Nəcəf Xəndani, Siyamək Kəndarudi, Bəhnam Fəthi, Kavə Rustəmpur, Şəhriyar Kəbiri İskəndər Abadi, Urman Zahidə Təbrizi, Əli Şahid) isə 6 ay həbs və 40 zərbə şallaq cəzası verilib. Qeyd edək ki, azərbaycanlı fəallar 2011-ci il sentyabrın 3-də Təbriz şəhərində Urmiya gölünə İran hökumətinin laqeyd münasibətinə etiraz olaraq keçirilmiş aksiya zamanı ETTELAAT əməkdaşları tərəfindən həbs edilib.

Yorumlar