Ərdoğandan Fransa prezidentinə sərt xəbərdarlıq

Recəb Tayyib Ərdoğan Türkiyə ilə Fransa arasında siyasi, iqtisadi və mədəniyyət sahələrindəki münasibətlərin pozula biləcəyini bəyan edib. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin Fransa parlamentində müzakirəyə çıxarılması ilə əlaqədar bu ölkə prezidenti Nikola
Sarkoziyə məktub göndərib. APA-nın xəbərinə görə, məktubda bildirilir ki, təklif olunan qanun birbaşa Türkiyə dövləti, türk milləti və Fransada yaşayan türk icmasını hədəf alıb və düşmənçilik deməkdir: “Açıq ifadə etmək istəyirəm ki, Türkiyə ilə Fransa arasındakı siyasi, iqtisadi və mədəniyyət sahələrindəki münasibətlər baxımından bu cür addımların çox ağır nəticələri olacaq və bunun məsuliyyəti tamamilə həmin addımın təşəbbüskarlarının üzərinə düşəcək”. R. T. Ərdoğan N. Sarkozinin nəzərinə çatdırıb ki, Türkiyə-Fransa əlaqələri üçüncü tərəfin tələblərinə məhkum olunmuş vəziyyətə salınmamalıdır: ”Bu məsələ çox həssas və ciddidir. Rasional düşüncə siyasi oyunlara üstün gəlməlidir. Səmimiyyətlə ümid edirəm ki, siz sonradan düzəldilməsi mümkün olmayacaq addımların atılmasını əngəlləyəcəksiniz”. Xatırladaq ki, uydurma “erməni soyqırımı”nın inkarının kriminallaşdırılmasına dair qanun layihəsi dekabrın 22-də Fransa parlamentində səsverməyə çıxarılacaq.

Yorumlar