BU ILIN MAY, IYUN AYLARINDA ISRAIL IRANA HAVA ZERBELERI ENDIRECEK! ABS MUDAFIE NAZIRI LEON PANETTA

ABŞ müdafiə naziri Leon Panetta ilk dəfə İranın vurulacağı haqda açıq danışıb və hərbi əməliyyatların nə zaman başlayacağını deyib. “The Washington Post ” qəzetinə verdiyi müsahibədə L.Panetta bildirib ki, hərbi əməliyyatları ABŞ yox, İsrail başlayacaq və Təl-Əvivin niyyəti kifayət qədər ciddidir. Pentaqon rəhbərinin sözlərinə görə, böyük ehtimalla İsrail
İranın nüvə obyektlərinə bu ilin aprel, may və ya iyun aylarında hava zərbələri endirəcək. “İsraildə əmindirlər ki, İran nüvə silahı hazırlamağa ən geci bir neçə ay içərisində başlayacaq. Bu müddət İsrail üçün ”immunitet zonası"dır. İsrail hakimiyyəti hesab edir ki, İranın strateji əhəmiyyətli nüvə obyektlərinə zərbələr endirilməsi Tehranın hərbi xarakterli nüvə proqramlarını ləngidəcək" deyə Panetta bildirib. ABŞ müdafiə naziri bugünlərdə bildirmişdi ki, Vaşinqton İrana qarşı hərbi əməliyyatların başlamasını istəmir. Ancaq Tehran nüvə silahı hazırlamağa cəhd göstərsə, bunun qarşısını almaq üçün bütün vasitələrdən, o cümlədən hərbi zərbələrdən istifadə etməyə hazırdır. L.Panettanın bildirdiyinə görə, Ağ Evdə, Pentaqonda və Dövlət Departamentində belə qənaət formalaşıb ki, İrana qarşı hərbi zərbələr düzgün variant deyil. Lakin Panetta deyib ki, ABŞ İsraili buna inandıra bilməyib: “Onların niyyəti kifayət qədər ciddidir. İsrail blef etmir, onlar hesab edir ki, digər yollarla Tehranı nüvə silahı əldə etmək cəhdlərindən çəkindirmək artıq mümkün deyil”. Eyni vaxtda İsrail müdafiə naziri Ehud Barak da ölkəsinin İrana qarşı hərbi əməliyyatlara qərar verdiyi barədə ilk dəfə açıq danışıb. Barak deyib ki, əgər yaxın aylarda iqtisadi sanksiyalarla İranı nüvə silahı əldə etmək cəhdlərindən çəkindirmək mümkün olmasa, preventiv zərbələr qaçılmaz olacaq. İsrail müdafiə nazirinin fikrincə, əks halda, İran nüvə silahına malik olacaq və vəziyyət preventiv zərbələrin endirilməsindən daha çox mürəkkəbləşəcək. Onun sözlərinə görə, İran nüvə silahı əldə etsə, bu, daha çox insanın ölməsi ilə nəticələnərdi. “The Washington Post” qəzetinin yazdığına görə, ABŞ İsraili inandırmağa çalışıb ki, İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək qədər gücə malikdir. Lakin İsrail baş naziri Benyamin Netanyahu ölkəsinin taleyini Amerika kəşfiyyatının ümidinə buraxaraq risk altında qoymaq fikrində olmadığını və müstəqil şəkildə İranın nüvə obyektlərinə hava zərbələri endirəcəklərini deyib. Bildirilir ki, İsrailin planlarına görə, İranın nüvə obyektlərinə dəqiq zərbələr endirilməsi nəzərdə tutulur. Hədəflər arasında Natanz nüvə obyekti və digər mühüm nüvə obyektləri var. ABŞ Müdafiə Nazirliyindəki mənbələrdən bildirildiyinə görə, İsrailin iki hərbi planı var. “Jerichos-1" adlı birinci plan İran ərazisinin dərinliklərində yerləşən hədəflərin vurulmasını, ”Jerichos-2" planı isə 1500 kilometr radiusda yerləşən hədəflərə zərbələr endirilməsini nəzərdə tutur. İsrailin İranın yeraltı nüvə obyektlərini vurmaq üçün böyük dağıdıcı gücə malik başlıqlardan istifadə edəcəyi bildirilir. İsrail Müdafiə Nazirliyinin bir rəsmisi deyib ki, hər kəs zərbələrin nə dərəcədə dəqiq endirildiyindən təəccüblənəcək. Mənbənin bildirdiyinə görə, İsrailin əlindəki döyüş başlıqları İranın beton sığınacaqlar altında yerləşən nüvə obyektlərini dağıtmaq üçün xüsusi kimyəvi birləşmələrlə zənginləşdirilib. Raket-bomba zərbələri «F-15» təyyarələri və pilotsuz kəşfiyyat təyyarələrindən endiriləcək. İsrail hərbi rəsmisinin bildirdiyinə görə, təyyarələr hədəfə yaxınlaşana qədər yanacağa qənaət etmək üçün alçaqdan uçacaq, daha sonra yüksəyə qalxacaq və zərbələr endirəcək. Təyyarələrin İran ərazisinə daxil olmasından əvvəl İsrail xüsusi məxfi elektron silahla bu ölkənin hava hücumundan müdafiə sisteminin radarlarını, habelə elektron kommunikasiyaları sıradan çıxaracaq. İsrail tərəfi təyyarələrinin vurulacağını da nəzərə alır, ən pis halda təyyarələrin üçdə biri geri qayıtmaya bilər. İsrail hərbi kəşfiyyatı İranın bu zərbələrə cavabının necə ola biləcəyini də hesablayır. Orada hesab edirlər ki, İran o qədər də güclü cavab verə bilməyəcək. Digər tərəfdən, irimiqyaslı cavab zərbələri İsrailin İrana zərbələrin miqyasını daha da genişləndirməsinə gətirib çıxaracaq. İsraildə İranın “Hizbullah” vasitəsilə də cavab zərbələrinə cəhd edəcəyi təxmin edilir. Bu zaman xatırladılır ki, İran Azərbaycan və digər ölkələrdə “Hizbullah” vasitəsilə İsrail hədəflərinə qarşı terror cəhdləri edib. Müharibə başlasa, “Hizbullah” Livanın cənubundan İsrail ərazisini raket atəşinə tuta bilər və hərbçilər bu varianta qarşı da hazırlıq görürlər.

Yorumlar