"Azərbaycan ATƏT PA-da Fransanın vasitəçilər sırasından çıxarılması məsələsini qaldırıb"

Bu barədə Milli Məclisinin vitse-spikeri Bahar Muradova məlumat verib ATƏT-in Parlament Assambleyasının qış sessiyasında Fransanın Dağlıq Qarabağ münaqişəsi üzrə Minsk qrupunun həmsədr kimi iştirakı məsələsi qaldırılıb. Bu barədə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisinin vitse-spikeri Bahar Muradova məlumat verib. “ATƏT PA-nın 11-ci sessiyası zamanı biz Fransanın uydurma “erməni soyqırımı”nı qəbul etdiyini nəzərə alaraq bu dövlətin
ATƏT-in Minsk qrupunun həmsədr postunda qalmasının məqsədəuyğunluq məsələsini qaldırdıq”, - deyə B.Muradova Bakıda keçirilən mətbuat konfransında bəyan edib. Lakin, B.Muradova qeyd edib ki, bu məsələyə konkret deyil, ümumi cavab verilib. “Xüsusilə, bildirilib ki, ATƏT-in Minsk qrupunun mövcud formatının imkanlarından istifadə etmək, yalnız gələcəyə baxmaq və məsələnin həlli üçün müvafiq məqsədlər müəyyən etmək lazımdır”, - deyə B.Muradova bildirib. Onun sözlərinə görə, müzakirələr zamanı Fransa nümayəndə heyətinin üzvü qeyd edib ki, Fransa Senatının qəbul etdiyi soyqırımların inkarının cəzalandırılması qanunu yalnız Türkiyə və “erməni soyqırımı”na qarşı deyil, həm də törədilən bütün kütləvi qətl və qırğınlara qarşı yönəlib. “Fransa nümayəndəsi bu qanunun Konstitusiya Şurasında müzakirə edildiyini və hələ ki qüvvəyə minmədiyini xatırlatmağı lazım bilib”, - deyə o bildirib. Bakı və İrəvan arasında münaqişə 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana ərazi iddialarından başlayıb. 1994-cü ilin mayına qədər davam edən müharibə nəticəsində Ermənistan təkcə Dağlıq Qarabağı deyil, onun ətrafında olan Azərbaycanın 7 rayonunu da işğal edib. Bu hadisələr nəticəsində 1 mln.-a yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatlar dövründə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnamə qə bul edib. Hazırda tərəflər arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılır. ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır. Dağlıq Qarabağın statusu bu region üzrə danışıqlara əngəl törədir. Vasitəçilər problemin həllində beynəlxalq hüququn iki prinsipini - Bakının əsaslandığı ərazi bütövlüyünü və İrəvanın mövqeyini əks etdirən xalqların öz müqəddəratını təyin etmə hüququnu bir araya gətirməyə çalışırlar.

Yorumlar