"Novruz Novruzlu: “Ənsari-Hizbullah”ın ölkəmizdə təxribat törətmək istəyinə düşməsi real sayıla bilər”- Müsahibə

GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, tanınmış jurnalist Novruz Novruzludur. Novruz bəy, İranda fəaliyyət göstərən "Ənsari-Hizbullah" Azərbaycanın Təbrizdəki konsulluğunu bağlayacağı ilə bağlı hədələyici bəyanat verib. Təşkilatın belə bəyanat verməsinin arxasında nə durur? - Hər hansı bir dövlətin konsulluğu rəsmi qurumdur və toxunulmazlıq hüququna malikdir. Onun bağlanması və ölkədən çıxarılması da iki dövlət arasında siyasi münasibətlərin “əhval-ruhiyyə”sindən asılıdır. “Ənsari-Hizbullah” kimi
təşkilatlar siyasətdə həlledici yox, 3-cü, 4-cü dərəcəli köməkçi vasitə rolunu oynayır və bütünlükdə fəaliyyətləri kütlələrin dünyagörüşünün yönləndirilməsinə hesablanıb. Təşkilatın üzvləri konsulluğa qarşı hər hansı xuliqanlıq hərəkəti edə, məsələn, küçədən keçərkən daş atıb pəncərə şüşəsini qıra və ya konsulluq qarşısında piket (aksiya) keçirə bilərlər. Amma daha konsulluğu bağlamaq... ciddi təşkilat bu cür bəyanat verməz. Belə səlahiyyətsiz bəyanatlardan məqsəd isə sadəcə suyu bulandırmaqdır. Yəni, Azərbaycan Respublikasının (Cümhuriyyətinin) əhalisi ilə İranda yaşayan çoxmilyonlu Azərbaycan türkü arasına etimadsızlıq toxumu səpməkdir. Təbii ki, Azərbaycanın siyasi və mədəni tərəqqisi qonşu xalqın dünyagörüşünün dünyəviliyə doğru inkişafına, həyata baxış bucağının genişlənməsinə təsir göstərir. Bu isə mühafizəkar mollaların üstünlük təşkil etdiyi rejimi qorxuya salır. - Ümumiyyətlə, belə qurumların tez-tez Azərbaycan əleyhinə bəyanat verməsini təsadüf hesab etmək olarmı? Yoxsa... -Təbii ki, yox! Təsadüfi deyil. Bu gün İranın daxili və xarici siyasəti gərginlik içərisindədir. Nüvə maraqları, regional (bölgəsəl) liderlik arzusu, siyasi ambisiyaların (cahtələbi) ixracı, ölkə daxilində insan hüquqları və s. bu kimi məsələlərdə ifrat siyasətçilik digər dövlətlər tərəfindən İrana qarşı təzyiqlərin artmasına gətirib çıxarıb. SSRİ (Şurəvi) dağılandan sonra İranın xarici siyasətində baş verən dəyişiklik, zənnimcə, o qədər də səmərəli olmamışdır. SSRİ adlı bir dayaqdan məhrum olan İran digər aparıcı dövlətlər ilə qarşılıqlı etimad yaratmaq əvəzinə qarşıdurmaya getməyi üstün tutdu. Bu isə regionda gərginliyə gətirib çıxardı. Sözsüz ki, Cənubi Qafqazın ən güclü dövlətinə çevrilən Azərbaycan da regional siyasətdə özünəməxsus rola malikdir. Bu mənada onun diqqətdən kənarda qalması qeyri-mümkündür. - Bir də bu qurumların ölkəmiz əleyhinə hansısa təxribatçı addım atmaq imkanları varmı? -Azərbaycanın və İranın dövlətçilik tarixində o dərəcədə sıx siyasi və mənəvi dəyərlər var ki, bu ölkələrdən birində baş verən bir prosesin (sürəc) başqasına təsiri nəinki mümkündür, hətta qaçılmazdır. Buna görə də “Ənsari-Hizbullah” və hər hansı digər təşkilatın ölkəmizdə təxribat törətmək istəyinə düşməsi real sayıla bilər. Məsələn, ölkəmiz müstəqillik qazandığı vaxt kütlələrin avamlığına hesablanmış belə bir təxribata əl atılmışdı: Əhmədlidə guya Allahla dialoqa (barışa) girən peyğəmbər peyda olmuşdu. Bu, gənc və savadsız bir qadın idi. Mən jurnalist kimi onunla görüşüb yazı hazırlamışdım. Xanım mənimlə söhbətində iddia etmişdi ki, Allah Quranı yerə ərəb dilində yox, fars dilində göndərmişdir. Elə təkcə bu fakt (sübut,dəlil) təxribatın törədilməsində cənub qonşumuzun dəst-xəttindən xəbər verirdi. O vaxt bu təxribat birdən-birə kütlələrin diqqətini cəlb etsə də, elə birdın-birə də aradan çıxıb getdi. Çünki, avam düşüncəyə hesablanmışdı. Ancaq indi daha belə şayiələrlə təxribat cəhdinin uğur qazanması sıfra bərabərdir. Belə cəhdlər irəliyə yox, geriyə addımdır. Hansısa dövlət siyasətdə uğursuzluğa düçar olursa, yaxşı olar ki, səhvi ilk növbədə öz dəst-xəttində axtarsın, öz siyasətinə düzəliş versin. Bir də Azərbaycan və İran xalqları arasına təxribatla düşmənçilik salmaq iynə ilə gor qazmaq kimi bir şeydir. Söhbətləşdi: Elnur Eltür

Yorumlar