Regnum: "Bakı Qəbələ RLS-lə bağlı Moskvaya yeni şərt qoyub"

Rusiya tərəfi bununla bağlı zəmanət verməlidir........................................
Azərbaycan Qəbələ Radio Lokasiya Sisteminin (RLS) icarə müddətinin uzadılması ilə bağlı Rusiyaya qarşı yeni şərt irəli sürüb. ANS PRESS-in məlumatına görə, bu barədə REGNUM agentliyinə danışıqlar prosesinə yaxın mənbə məlumat verib. Şərtə görə, Rusiya Qəbələ RLS-dən Türkiyə əleyhinə istifadə etməyəcəyi ilə bağlı zəmanət verməlidir. Verilən məlumata görə, tərəflər arasında RLS-in icarə haqqı artıq razılaşdırılıb. Yalnız bu məsələ ətrafında müzakirələr gedir. Xatırladaq ki, Azərbaycanın Qəbələ rayonunda yerləşən və 1985-ci ildə istifadəyə verilmiş “Daryal” tipli RLS SSRİ-nin Raketdən Müdafiə Kompleksinin 8 əsas stansiyalarından biri olub. Stansiya 6000 km radiusdakı (İran, Türkiyə, Hindistan daxil olmaqla Yaxın Şərqi bütövlükdə, həmçinin Hind Okeanı və Avstraliya qitəsinin müəyyən bir qismini) ərazini nəzarətdə saxlamaq imkanlarına malikdir. Stansiya, həmçinin, bu ərazilərdən atılmış orta məsafəli, nüvə başlıqlı raketlərin ilk atış anından etibarən trayektoriyasını müəyyən edə bilir. Azərbaycan mülkiyyətində olan bu stansiyanı 2002-ci ildə imzalanmış müqaviləyə uyğun olaraq Rusiya ildə 7 milyon dollar icarə haqqı ödəməklə 2012-ci ilə kimi icarəyə verib. İcarənin müddəti 2012-ci ilin dekabrın 24-də bitir. Rusiya icarə müddətini 2025-ci ilədək artırmaq niyyətindədir. Rəsmi Bakı Qəbələ Radiolokasiya Stansiyasının (RLS) icarəsinə görə Rusiyadan 7 milyon dollar əvəzinə 300 milyon dollar tələb etdiyi bildirilir. Xatırladaq ki, bu ilin yanvar ayında Türkiyə ərazisində, Malatya vilayətində, İran, Gürcüstan və Ermənistanla sərhəddə RLS ekpluatasiyaya verilib. Bu isə ABŞ-ın Avropadakı Raket Əleyhinə Müdafiə sisteminin bir hissəsidir. Ekspertlər hesab edirlər ki, Rusiya Qəbələ RLS-dən Türkiyə əleyhinə istifadə edə bilər.

Yorumlar