“İran Ermənistanın işğalçılıq siyasətinə nəfəs verən yeganə amildir”

Aydın Mirzəzadə: “Əks halda yanacaqsız, hərbi dəstəksiz, dünyaya birbaşa çıxışı olmadan Ermənistan öz xarici siyasətini sivil qaydada qurardı” ......................................
“İran Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə görə bu ölkəyə qarşı sərt mövqe tutsaydı, rəsmi İrəvanın beynəlxalq hüquq normalarına riayət etməkdən başqa çıxış yolu qalmazdı”. Lent.az-ın verdiyi məlumata görə, bunu Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə söyləyib. Aydın Mirzəzadə bildirib ki, Ermənistanın dünyaya çıxışı yalnız İrandandır. Onun fikrincə, əgər bu yol bağlansa, işğalçı Ermənistan yaşaya bilməyəcək və Azərbaycana güzəştə getməli olacaq: “Deməli, buradan aydın olur ki, İran Ermənistanın işğalçılıq siyasətinə nəfəs verən yeganə amildir. Əks halda yanacaqsız, hərbi dəstəksiz, dünyaya birbaşa çıxışı olmadan Ermənistan öz xarici siyasətini sivil qaydada qurardı. Dünya birliyindən, o cümlədən region dövləti olan İrandan sərt təpki alsaydı, Ermənistan Azərbaycan torpaqlarını indiyə qədər işğal altında saxlaya bilməzdi”. Komitə sədrinin müavini deyib ki, buna baxmayaraq, həmin reaksiyanı Azərbaycan dünya birliyindən, iri dövlətlərdən və beynəlxalq təşkilatlardan alsa da, qonşu İrandan tam ala bilmir. “İran rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə də, işğalçı dövlətlə sıx dostluq əlaqələri və ona hərtərəfli yardım etməsi Ermənistanın işğalçı siyasətinin saxlanmasına səbəb olur. Reallıq isə belədir ki, İran-Ermənistan əlaqələri yüksələn xətlə inkişaf edir”.

Yorumlar