İRAN ÖZÜNÜ TƏLƏYƏ SALIR

Vəfa Quluzadə: «Tehran ölkəmizə qarşı müxtəlif təxribatlar həyata keçirir» Asim Mollazadə: «İran Azərbaycanı təhdid etməklə, heç nəyə nail ola bilməyəcək»........................................
Cavid İran səfiri Məhəmməd Bağır Bəhraminin geri çağrılmasının ardınca, Azərbaycanın Tehrandakı səfiri Cavanşir Axundovun İranın Xarici İşlər Nazirliyinə çağırılması iki dövlət arasında olan münasibətləri daha da gərginləşdirib. Xatırladaq ki, Cavanşir Axundovu nazir müavini Abbas İraqçı qəbul edib. Nazir müavini Azərbaycanda «dini müqəddəslərin təhqir olunmasına» rəsmi Tehranın etirazını bildirib. Hansı dini müqəddəsdən söhbət getdiyi isə məlum deyil. Əgər Xamneyidən söhbət gedirsə, o, «dini rəhbər» adlandırılsa da əslində İranın siyasi rəhbəridir. Onun dini müqəddəsə aidiyyatı yoxdur. İran-Azərbaycan münasibətlərinin gərginləşməsinə digər bir səbəb isə sərhədlərin bağlanmasıdır. Son məlumatlara görə dünən Tehran Azərbaycanla olan sərhəddini bağlayıb. Bununla yanaşı, fars rejimi bu ölkəyə getmək istəyən soydaşlarımızı sərhəddə saxlayır, terminaldan maşınsız keçmələrini tələb olunur. Azərbaycan Dövlət Gömrük Komitəsi məlumatı təsdiqləyib. DGG-dan bildirilib ki, problemin tezliklə aradan qaldırılmasına çalışırlar. Bu azmış kimi İran Azərbaycanı «əl Qaidə» ilə hədələyir. Terror təşkilatı Bakı küçələrini qana boyayacağını bəyanlayıb. İranın «əl Qaidə» adı altında Azərbaycanda terror aktlarına yenidən əl atmasına cəhdi belə təbii ki, nəinki Azərbaycana, eləcə də bölgəyə pis nəticələr vəd edir. Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə deyir ki, Azərbaycan xarici dövlətlərlə münasibətdə çətin vəziyyətlə üzləşib. O deyib ki, İranla gərgin münasibətdə olan ölkə Rusiyanın imperiya maraqları ilə qarşı-qarşıyadır, Qərb dövlətlərinin şərtləri ilə də hələlik razılaşa bilmir. Azərbaycanın balanslaşdırılmış siyasət yürütdüyü ilə bağlı deyilənlərlə razılaşmayan Vəfa Quluzadə «ehtiyatlı siyasət» terminindən istifadəyə tərəfdardır: «Bunu ehtiyatlı siyasət adlandırsaq, daha doğru olar». Keçmiş dövlət müşaviri İranın mütəmadi olaraq Azərbaycan dövlətini təhdid etdiyini vurğulayıb: «İran ölkəmizə qarşı müxtəlif təxribatlar həyata keçirir. Azərbaycan da İranın təhdid siyasətinə cavab vermək məcburiyyətində qalır. Rusiya ilə də münasibətlər normal deyil. Rusiya postsovet məkanında imperiya maraqlarını qorumağa çalışır. Qərbə gəldikdə, Azərbaycandan real demokratik islahatlar tələb olunur. Buna görə də, dövlətimiz mütəmadi olaraq Qərb dövlətlərinin iradına tuş gəlir. Vəziyyətdən ən düzgün çıxış yolu ölkədə demokratik islahatlar aparmaq, Qərbyönümlü siyasət yürütməkdir. O ki qaldı, Azərbaycanın dövlət başçısı İlham Əliyevin NATO-nun Çikaqo sammitinə qatılmasına, indiki halda prezident çox düzgün addım atıb və ənənəvi siyasətini davam etdirib». Politoloq Vüqar Abbasovun fikrincə, İran- Azərbaycan münasibətləri doğrudan da gərgindir: «Artıq Prezident Administrasiyasının rəsmisi belə bu məsələyə münasibət bildirdi. İran ölkəmizdəki səfirini məsləhətləşmələr üçün geri, Azərbaycanın İrandakı səfirini isə XİN-ə çağırdı. Getdikcə də vəziyyət daha da gərgin vəziyyət alır. Gəginliyi yaradan isə biz yox, İrandır. İran öz qonşuları, ümumiyyətlə hər hansı bir dövlətlə öz vassalı kimi davrana bilməz. Azərbaycan müstəqil dövlətdir və müstəqil də siyasət yürüdür. İran isə vaxtaşırı ölkəmizə nəyi edib, nəyi etməyəcəyimizi diqtə etməyə çalışır. İran rejimini orda yaşayan türklər, yəni soydaşlarımız hər vaxt narahat edib. Onlar son dövrlər baş verən oyanış hərəkatlından sonra daha da qorxuya düşüblər. Beynəlxalq sanksiyalara məruz qalan fars rejimi bütün hirsini Azərbaycandan çıxmağa çalışır. Hər kəs də aydın bilir ki, İranın bəyanatları mənasız və heç bir fakta söykənməyən bəyanatlardır. Elə sonuncu bəhanənəyə baxaq. Azərbaycan heç bir dini müqəddəsi təhqir etməyib və etməz də. Biz dinimizi İran rejmindəkilərdən heç də az sevmirik. Hələ Sovetlər dövründə belə biz öz dinimizi, dilimizi qoruya bilən bir millətik. Sadəcə İran hər dəfə bəhanələr axtarır. Bu da onun sıradan olan bir bəhanəsidir. Ancaq sözün bizim üçün yaxşı mənasında, İranın bu cür bəyanatlarının, narahatlıqlarının sonuna az qalıb». Ekspert Heydər Oğuz deyib: «İran-Azərbaycan münasibətləri getdikcə böhran həddinə doğru irəliləyir. İlk baxışdan bu ziddiyyətin yaranmasında «Eurovision» mahnı yarışmasının Bakıda keçirilməsinin önəmi rol oynadığı nəzərə çarpsa da, əslində bu sadəcə, bir bəhanə təsiri bağışlayır. İranın «qaşınmayan yerdən qan çıxarmağa» çalışmasının daha başqa və əsaslı səbəbləri olmalıdır. Zənnimcə, açıq dilə gətirilməsə də, əsl səbəbin kökünü bu yaxınlarda Çikaqoda keçirilən NATO-nun növbəti sammitində axtarsaq, daha düzgün nəticələrə gələ bilərik. Artıq başa çatmış sammitin bəyannaməsinə nəzər salanda toplantıda Cənubi Qafqaz məsələsinin də müzakirə olunduğunu görə bilərik. Bəyannamənin 47-ci maddəsində Cənubi Qafqazdakı regional problemlərə diqqət çəkilirkən NATO-nun Ermənistan, Gürcüstan və Azərbaycanın torpaq bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəklədiyi açıqlanmışdır. Belə görünür ki, NATO dövlətləri bizim də yer aldığımız Cənubi Qafqaz regionundakı dövlətlərinin müstəqilliyini, suverenliyini, topraq bütövlüyünü itirə biləcəyindən narahatdırlar. Qərb Rusiya və İranın bölgədə geopolitik balansı poza biləcəyindən əndişələnir. Rusiya ilə Gürcüstan arasında ziddiyyətin mövcudluğu bəllidir». Milli Məclisin deputatı Asim Mollazadənin fikrincə isə, İranın Azərbaycan dövlətinə qarşı təhdid siyasəti cəmiyyətdə qəzəb doğurub. Siyasi mövqeyindən asılı olmayaraq, hər kəs İranın ölkəmizə qarşı təxribatçı fəaliyyətini lənətləyir, buna öz etirazlarını bildirir: «İrana qarşı keçirilən aksiyalarda əsas tələb Azərbaycana qarşı təhdid siyasətinə son qoymaqdır. Bu aksiyaları keçirən əsasən ictimai birliklər, gənclər təşkilatlarıdır. Bunu Azərbaycan iqtidarının mövqeyi kimi, təqdim etmək böyük yanlışlıqdır. Görünür, bu açıqlamanın özündə də İranın çirkin siyasi məqsədləri dayanır. İran Azərbaycanı təhdid etməklə, heç nəyə nail ola bilməyəcək». Xatırladaq ki, ötən gün iranlı diplomatın «Səhər» kanalında Azərbaycana qarşı ittihamları səslənib. O, Bakıda keçirilən aksiyaların İsrail dövləti tərəfindən dəstəkləndiyini bildirərək, bu aksiyalar zamanı vəliyi-fəqihinin müqəddəsliyinə hörmətsizlik edildiyini iddia edib. Diplomatın bununla bağlı açıqlamasına da toxunan millət vəkili müsəlmançılıq prinsipinə Azərbaycanın deyil, İranın hörmətsiz yanaşdığını söyləyib: «Ermənistan Azərbaycana qarşı soyqırım törədib. Bir milyondan artıq vətəndaşımız qaçqın və məcburi köçkün həyatı yaşayır. Belə olduğu təqdirdə İran eyni dinə və qonşuluq münasibətlərinə malik Azərbaycana dəstək vermək əvəzinə, Ermənistanı dəstəkləyir. Əgər İran həqiqətən müsəlmançılıq ideyasına sadiqdirsə, haqlının, soyqırıma məruz qalmış müsəlman ölkəsinin yanında olmalıdır. Daha terroru dövlət siyasətinə çevirmiş Ermənistanın yanında yox…?

Yorumlar