“İRAN REJİMİ HƏR ZAMAN AZƏRBAYCANA ARXADAN XƏNCƏR SAPLAYACAQ”

Güney Azərbaycan hərəkatının öncüllərindən olan və hazırda ABŞ-da mühacirətdə yaşayan Mahmudəli Çöhrəqanlı mayın 25-də “Media forum” saytının suallarını cavablandırıb. - İran illər uzunu Azərbaycanla bağlı ikili siyasət yürüdüb. Azərbaycanla bağlı mövqeyi pərdə arxasında ayrı olub, pərdə önündə ayrı. İran bütün gücü ilə Azərbaycana qarşı düşmənçilik edir. Arazın quzeyində Azərbaycan Respublikası yarananda İran əlindən gələni etmişdi ki, bu respublika qurulmasın. Amma bacarmadı, SSRİ dağıldı, 15 sovet respublikası müstəqilliyini elan etdi, onlardan biri də Azərbaycan oldu. Bütün dünya Azərbaycanın müstəqilliyini tanıdı və İran fakt qarşısında qaldı. İran Azərbaycan Respublikasının dünyəvi, çağdaş quruluşunu dəyişmək, burada islam dövləti qurmaq üçün illərdir əlindən gələni edir. Azərbaycanda vətəndaşlara yardım adı altında da çox işlər görür. Mənim məlumatım var ki, Azərbaycanda bəzi şəxslərə İran pasportu verilib, onlara hər ay maddi yardım verilir, ehtiyacı olanlar İrana müalicəyə aparılır. Hətta ziyarət adı ilə Quma, Məşhədə aparılanlar da var. Bununla da bir çox azərbaycanlını özlərinə bağlayırlar. Bu isə sonda həmin şəxslərdən hansılarınsa İrana casusluq etməsinə gətirib çıxarır. Belələrinin bir hissəsi silahlı qruplaşmalara da cəlb olunur ki, zamanında onlardan hansısa istəklərin yerinə yetirilməsi üçün istifadə olunsun. Azərbaycan hakimiyyəti, dövləti çox ayıq-sayıq olmalıdır. Bilmək lazımdır ki, Azərbaycanın bütün düşmənləri bir tərəfə, İran isə bir tərəfədir. İran Azərbaycanda sabitliyi pozmaq üçün əlindən gələni heç vaxt əsirgəməyəcək. İran daim Azərbaycanda qarmaqarışıqlıq, vəziyyətin kəskin pisləşməsi və sairə neqativ halların yaranmasına çalışacaq. İranın bu gün, “Avroviziya 2012” mahnı yarışması zamanı müxtəlif mövzulardan, hadisələrdən sui-istifadə etməsi də bunun göstəricisidir. İran çox istəyir ki, Azərbaycanda islam dövlət yaransın və hazırda onun bütün fəaliyyəti məhz bu istiqamətə yönəlib. - Hesab edirsiniz ki, İran-Azərbaycan qarşıdurması açıq müstəviyə keçib? Belədirsə, bunun əsas səbəbi nədir? - Əsas səbəblərdən biri odur ki, Azərbaycan günü-gündən güclənir, yəni Azərbaycan inanılmaz səviyyədə inkişaf edir. Azərbaycanda dövlətçilik dərinləşir, genişlənir. Digər səbəb isə Azərbaycanın bölgədə örnək dövlətə çevrilməsidir. İran azərbaycanlıları sərhədi keçərək Quzey Azərbaycanı görür, Azərbaycan Respublikasındakı tam fərqli mənzərənin şahidi olurlar. İran istəyir ki, Azərbaycanda daima fəlakət, aclıq, yoxsulluq hökm sürsün. İran istəyir ki, Azərbaycana baxan iyrənsin və İrandakı rejimin qədrini bilsin, islam rejimini qorusun. Amma indiki vəziyyətdə bunu edə bilmir. Çünki bütün istiqamətlərdə inkişaf etməkdə olan Azərbaycan İrandan öndədir. Ona görə də bu gün İran qılıncını siyirib və çalışır ki, Azərbaycandakı sistemi zəiflətsin, Azərbaycanda yaşayan insanları qiyama qaldırsın. - Necə hesab edirsiniz, iki ölkə arasında baş verən gərginliyin aradan qaldırılması mümkündürmü, yoxsa bu gərginlik davam edəcək? - Məncə, bunu dayandırmaq imkanı yoxdur. İranda fars şovinizmi ilə islam quruluşu bir-birinə çulğaşıb. Yəni fars şovinizmi islam cümhuriyyətini, islam cümhuriyyəti isə fars şovinizmini təmsil edir. Bunların ciyərinin oksigeni, damarının qanı güney azərbaycanlılardır. Farsın, eləcə də İranda islam cümhuriyyətinin yaşamasının əsas səbəbkarı İran azərbaycanlılarıdır. Sanki fars şovinizmi və İran İslam Cümhuriyyəti bir maşın, güney azərbaycanlılar isə onun yağı, benzinidir. Rejim hər yerdə güneylilərdən istifadə edir. Misal üçün, İraq-İran müharibəsi zamanı yüz minlərlə azərbaycanlı qurban verildi. Bu gün rejim güneyliləri ən ibtidai haqlardan, milli hüquqlardan məhrum edib. Avropada, yaxud Amerikada heyvanlara verilən haqqı İran İslam Respublikası, fars şovinizmi 40 milyon türkə, 35 milyon azərbaycanlıya vermir. İranda bütün müharibələrdə, ən çətin işlərdə azərbaycanlılardan istifadə edirlər. İndi o azərbaycanlılar quzeydəki inkişafı görüb Azərbaycan Respublikasının bir hissəsi olmağı arzu edirlərsə, bu, İran rejiminə böyük bir zərbə, təhlükədir. Bu səbəbdən İran heç vaxt Azərbaycan Respublikasındakı sabitliyi, inkişafı qəbul etməyəcək. İran mərhələ-mərhələ Azərbaycanda çevriliş hazırlayıb, dünyəvi sistemi dəyişmək istəyir. O səbəbdən bu ölkə ilə barışmağın imkanı yoxdur. Hesab edirəm ki, getdikcə iki ölkə arasında pərdə yırtılacaq və düşmənçilik daha da güclənəcək, ara qarışacaq. Qərb ölkələri, yaxud İsrail təkbaşına İrana müdaxilə edərsə, İranın Azərbaycanla münasibətləri daha da kəskinləşəcək. İrana xarici müdaxilə ehtimalı isə bu gün çox yüksəkdir. Azərbaycanın belə bir müdaxiləyə yardım edə biləcəyi də istisna deyil. Çünki İran rejimi Azərbaycanda dövlət quruluşunu dəyişmək istəyir, bu səbəbdən Azərbaycan da İranda rejim dəyişikliyini istəyə bilər. - Siz Azərbaycan Respublikasına gəlmək üçün dövlət başçısına müraciət etmişdiniz. Müraciətinizə cavab verilibmi? Yaxın zamanlar üçün Azərbaycana gəlmək istəyirsinizmi? - Hələlik cavab verilməyib. Düzdür, mənim müraciətim rəsmi qaydada olmayıb. Hazırda Azərbaycanın başı mühüm məsələlərə qarışıb. Sözün düzü, mən istəmədim ki, belə bir həssas vaxtda ora səfər edim. Amma bu hadisələr səngiyəndən sonra, təxminən iyun ayının axırında Azərbaycana dönmək istərdim. Dostlarım vasitəsilə buna çalışıram. Mənim Azərbaycana gəlişimə icazə verilməsini çox arzulayıram. Ola bilsin ki, iyun ayının sonlarına doğru Azərbaycana gəlmək üçün mən viza ala bildim. Səfərim iyulun əvvəllərinə də düşə bilər. - Azərbaycan rəsmiləri ilə, yaxud ABŞ-dakı diaspora qurumları ilə təmasınız varmı? - Təəssüf ki, yox. Onların mənimlə, mənim isə onlarla heç bir təmasım yoxdur. Açığı, onlardan küsmüşəm. Türkiyənin İranla bir təhlükəsizlik anlaşması var, mənim adım da həmin anlaşmada keçir ki, Mahmudəli Çöhrəqanlı adlı şəxs Türkiyəyə girməməlidir. Yəni Türkiyəyə girişimi yasaqlayıblar. Amma mənim Azərbaycana gəlişimə yasaq qoyulmasından çox incidim. Çünki Azərbaycan mənim vətənimdir, mən bu xalqın bir nümayəndəsiyəm. Mən Türkiyədən deportasiya olunandan sonra qızımla birgə Bakıya gəldim. Gecə yarısı Azərbaycan sərhədini keçdim, yarım gün sonra məni Azərbaycandan da deportasiya etdilər. Bu baş verməməli idi, amma bunu etdilər və mən, əlbəttə, dövlətimizdən küsdüm. Bəlkə küsmək də lazım deyil, hər halda İran rejiminin basqısı var. Ötən 6 ildə mənim Azərbaycan dövləti ilə, yaxud dövlətinə bağlı olan qurumlarla hər hansı təmasım olmayıb. İndi isə dostlar – onların arasında deputatlar da var – çalışırlar ki, təmaslar yaransın və yasaq aradan götürülsün. Yasaq götürülsə, Azərbaycanın Vaşinqtondakı səfirliyindən çox asanlıqla viza alıb gələ bilərəm. - Sizcə, İran-Azərbaycan münasibətlərindəki gərginlik güney azərbaycanlıların taleyinə necə təsir edə bilər? - Çox ciddi təsir edə bilər. Azərbaycanın bir hissəsində qazanılan istiqlaliyyət, qurulan dövlət, qaldırılan bayraq bizim qürurumuz, namusumuz, şərəfimizdir. Biz bu dövlətin inkişaf etməsi, müstəqil, azad siyasət yürütməsi ilə fəxr edirik. Artıq güney azərbaycanlılar oyanıblar və lazım olan qədər milli, siyasi şüura malikdirlər. İran Azərbaycanı sakit buraxmayacaq. Onun 20 il əvvəlki siyasəti necə idisə, sona qədər elə olacaq. İran rejimi hər zaman üzdə Azərbaycana qardaş deyib, arxadan xəncər saplayacaq. Amma güneylilər də oyanıblar və onlar Azərbaycan Respublikasının müstəqilliyi, istiqlaliyyəti üçün canlarından, qanlarından keçməyə hazırdırlar. Məncə, bu hadisələr sonda bizim xeyrimizə uyğun olacaq. Bu düşmənçiliyin sayəsində Azərbaycan Respublikası öz dostlarını düşmənlərindən daha yaxşı ayıra biləcək və güney azərbaycanlılara sahib çıxmağa meyllənəcək. Əgər sahib çıxacaqsa, heç bir qüvvə – nə Qərbdə, nə Orta Doğuda, nə də Qafqazda Azərbaycan dövlətinə bata bilməz. O zaman Azərbaycan 50 milyonluq bir güc olacaq. Bundan sonra heç kəs Azərbaycana tərs baxa bilməz. Çox sevinirəm, çox ümidliyəm və gələcəyin Azərbaycanın olacağına inanıram.

Yorumlar