TÜRKIYƏ DƏ SURIYALI DIPLOMATLARI QOVDU

Qərb ölkələrindən sonra Türkiyə də suriyalı diplomatları qovur...................................
“Hürriyet” qəzetinin verdiyi bilgiyə görə, Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd olunub ki, Suriyanın Hula qəsəbəsində 50-i uşaq olmaqla, 110 nəfərin qətlə yetirilməsi insanlıq əleyhinə cinayətdir və buna qarşı səssiz qalınmayacaq. Türkiyə Xarici İşlər Nazirliyi mayın 30-dan etibarən 72 saat ərzində suriyalı diplomatların ölkəni tərk etməsini tələb edib. Türkiyə Suriyanın da analoji addım atacağına ehtimalı qarşısında Hələbdəki konsulluğundakı diplomatlarının sayını azaldıb. Bu səhər konsulluğun 5 diplomatı Türkiyəyə gəlib. Türkiyənin Hələbdəki konsulu Adnan Keçecinin isə Suriyada qala biləcəyi qədər qalmasına qərar verilib. Buna səbəb hələ də Suriyada Türkiyə vətəndaşlarının olmasıdır. Bu arada Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Suriyanın Türkiyə sərhədinə yaxın ərazilərində bufer bölgə yaradılması ilə bağlı məsələnin müzakirə oluna biləcəyini söyləyib: “Proseslərin inkişafına uyğun addımların atılması ilə bağlı müvafiq qurumlarımızla müzakirə aparıb qərar verəcəyik”.

Yorumlar