"İran üçün ən böyük təhlükə Güney Azərbaycanın müstəqillik qazanmasıdır"


Rza Talibi: "Güneydəki milli azadlıq hərəkatının əsas hədəfi Azərbaycanın tarixi və coğrafi bütövlüyüdür"

"Güneydə ana dilində məktəblərin açılması milli hərəkatı əsas məqsədindən yayındırmamalıdır"

İranda öz tarixi torpaqlarında yaşayan 35 milyondan çox Azərbaycan türkü var. Onlar da farslar kimi ölkə vətəndaşı hesab olunsalar da, hakim millətdən fərqli olaraq bir çox hüquqlardan məhrum yaşayırlar. Əhalinin əhəmiyyətli nüfuzunu təşkil edən azərbaycanlılara hələ də ana dilində məktəb açmağa, media orqanı təsis etməyə, milli mədəniyyətini inkişaf etdirməyə, hətta futbol yarışlarında türk dilində şüar yazmağa, övladlarına türk adları qoymağa icazə verilmir. Halbuki İranda milli azlıq sayılan ermənilərin ana dilində fəaliyyət göstərən məktəbləri var. Ölkədə qondarma erməni soyqırımına xatirə büstü qoyulduğu halda, azərbaycanlı tələbələrə Xocalı soyqırımını qeyd etmək qadağan olunub. Bu və digər hüquq pozuntusuna məruz qalan azərbaycanlılar rejimin yürütdüyü siyasətə qarşı demokratik yollarla mübarizə aparır, etirazlarını şeirlərlə, aksiyalarla və başqa sivil üsullarla bildirirlər. Soydaşlarımızın mücadiləsi rejim tərəfindən çox sərt qarşılanır, milli fəallar təqib olunur, həbs edilir. Bu gün də İran zindanlarında saxlanılan milli fəallar var. "Xalq Cəbhəsi" qəzetinin Güney Azərbaycanla bağlı budəfəki həmsöhbəti əslən Urmiyadan olan, hazırda isə Türkiyədə siyasi mühacir həyatı yaşayan Rza Talibidir.
- Nə üçün İranda indiyədək Azərbaycan dilində məktəb yoxdur?
- İrandakı rejim türkə və türkçülüyə aid olan hər şeyi yasaq edir. Məqsəd Güney Azərbaycanda yaşayan 35 milyonluq xalqı öz soy-kökündən, tarixindən uzaqlaşdırmaqdır. Oradakı soydaşlarımız nəinki ana dilində təhsil almırlar, hətta keçmişlərilə bağlı doğru məlumat əldə edə bilmirlər. İranda dərc edilən bütün tarix kitabları və dərsliklərində Azərbaycan tarixi təhrif edilib. Məktəblilərə və tələbələrə yalan informasiyalar öyrədirlər. Rejim hər fürsətdə Güney Azərbaycanı milli kimliyindən uzaqlaşdırmağa çalışır. Ana dilində məktəb qadağası da bu məqsədə xidmət edən yasaqlardan biridir. Halbuki sayca milli azlıq statusunda olan ermənilərin öz dillərində məktəbləri var.
- Hansı şəhərlərdə erməni məktəbləri var?
- Məsələn, İranın paytaxtı Tehran şəhərində, Güney Azərbaycanın Təbriz və İsfahan şəhərlərində erməni məktəbləri var. Hətta ermənilərin kilsələri də var. Onlara rejim mane olmur. Əksinə, daha çox şərait yaradır. Ana dilində təhsildən məhrum olan Azərbaycan türkləri isə müxtəlif yollarla dilimizi öyrənməyə çalışırlar. Evlərdə dərs keçirlər, dərsləri elektron formada sosial şəbəkələrdə yayırlar və s. 
- İranda nə vaxtsa Azərbaycan dilində məktəblərin açılacağını gözləmək olar?
- Burada bir məsələ var. Əgər rejim bilsə ki, ana dilində məktəb açmaqla Güney Azərbaycandakı milli azadlıq hərəkatının qarşısını alacaq, bunu edər. Fars şovinist rejiminin ən qorxduğu amil Güney Azərbaycanın müstəqillik qazanıb İrandan ayrılmasıdır. Bunun qarşısını almaq üçün bəlkə də gələcəkdə Azərbaycan türkcəsində məktəb açmağa icazə verə bilər. 
- Güney Azərbaycanda ana dilində məktəbin açılması oradakı milli azadlıq hərəkatının qələbəsi olacaq.
- Elədir. İndiyədək ana dilində məktəb uğrunda çox mübarizələr aparılıb. Bu yolda həbs edilən, işgəncə görən, hətta öldürülən milli fəallarımız da var. Bu gün də İran zindanlarında ana dilində məktəb tələb etdiyi üçün həbsdə saxlanılan qardaşlarımız var. Bu baxımdan Azərbaycan türkcəsində məktəbin açılması milli azadlıq hərəkatının bir qələbəsi olacaq. Bu zəfər və sevindirici hal olmaqla yanaşı, həm də narahatçılıq yaradan vəziyyətdir.
- Ana dilində məktəbin açılmasının nə narahatçılığı ola bilər?
- Qeyd etdiyim kimi bu zəfərdir. Hərəkatın ilk tələblərindən biridir ki, uzun mübarizədən sonra həyata keçə bilər. Lakin narahatçılığım da var. Ana dilində məkətəbə sahib olan Güney Azərbaycanın əsas amaldan yayınmasından ehtiyat edirəm. Bu addımı ilə rejim Güney Azərbaycandakı milli azadlıq hərəkatını nəzarət altına ala bilər. Ana dili əsas amalımıza aparan vasitə olmalıdır. Odur ki, buna nail olub əsas hədəfdən yayınmaq olmaz. 
- O zaman milli azadlıq hərəkatının əsas amalı nədir?
- Güney Azərbaycanın müstəqillik əldə edərək Quzeyə birləşməsi və Bütöv Azərbaycanın yaranması. Bu bizim müqəddəs amalımızdır. Dünyada totalitar rejimlər bir-bir devrilir. İndi hüquq əsridir. Bizim də hüquqlarımız beynəlxalq qanunlarla təmin olunmalıdır. Azərbaycan uzun illərdir tarixi ədalətsizlik yaşayır, torpağı ikiyə bölünüb. Biz tarixi və coğrafi bütövlüyün tərəfdarıyıq. Bu bizim haqqımızdır və bu haqqı təmin edən ədalət bərqərar olmalıdır. Güney Azərbaycandakı milli hərəkatın əsas hədəfi Bütöv Azərbaycandır. Ana dili bu məqsədə aparan vasitədir. Ana dili müqəddəsdir və ən təbii insan haqlarındandır. Lakin ana dilində məktəbə nail olandan sonra əsas hədəfdən yayınmaq olmaz. Mən onda narahatam ki, Güney Azərbaycan ana dilində məktəblə qane olub, əsas hədəfə çatmaq istəməsin. Bu belə olmamalıdır. Ana dilində məktəbin olmsı hələ bütün hüquqların təmin edilməsi demək deyil. Biz yenə də və sonadək əsas hədəfə - Bütöv Azərbaycana doğru irəliləməliyik.
- Əgər Güney Azərbaycanda ana dilində məktəblərin açılmasına icazə versələr, orada Azərbaycan türkcəsini tədris edəcək yetərincə kadrlar var?
- Təəssüf ki, belə kadrlar xeyli azdır və bütün Güney Azərbaycan üçün yetməz. Siz ana dilində heç bir məktəbi və ali təhsil müəssisəsi olmayan vətənimizdən danışırsınız. Bu şərtlərlə təbii ki, yetərli sayda Azərbaycan dili müəllimi yoxdur. 
- Sizcə, bu problemi necə həll etmək olar?
- Çox asan. Quzeydə Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bir çox ali məktəbdə fakültələr var. Hər il həmin fakültələri onlarla kadr bitirir. Onları Güney Azərbaycana dəvət etmək olar. Gəlib oradakı məktəblərdə müəllim işləyərlər. İnanıram ki, Quzeydə Güney Azərbaycandakı bacı-qardaşlarına ana dilini öyrətmək istəyən soydaşlarımız var. Lakin burada da diqqət yetirilməli olan məqamlar var. Əgər rejim ana dilində məktəblərin açılmasına icazə versə, öz qərəzli məqsədlərindən istifadə etməyə çalışacaq. Belə ki, lazım olan kadrları özü yetişdirmək istəyəcək. Məsələn, rejimi dəstəkləyən şəxsləri seçib oxutmaq üçün Quzeyə göndərə bilər. Həmin şəxslər də dərs keçərkən yenə də rejimin maraqlarına xidmət edən şəkildə fəaliyyət göstərəcəklər. Yenə də uşaqlara tariximizlə bağlı yalan məlumatlar veriləcək, türkçülük, milli haqlarımız kənarda qalacaq. 
- Bəs Güney Azərbaycanda ana dilində televiziyalar fəaliyyət göstərir?
- Məsələn, Təbrizdə var. Amma həmin televiziyada hazırlanan verilişlərin 60 faizi fars dilindədir. Azərbaycan türkcəsində hazırlanan verilişlərdə isə istifadə olunan cümlələrdə məqsədli şəkildə fars sözlərindən çox istifadə edilir. Televiziyadakı əsas verilişlər, məsələn xəbərlər, siyasi-ictimai verilişlər rejimin maraqlarına uyğun və fars dilində hazırlanır. Ciddi əhəmiyyət daşımayan verilişlər Azərbaycan türkcəsində yayımlanır. Məsələn, kənddə bir kişinin kartof becərməsilə bağlı verilişə ana dilində baxmaq olar. Lakin Qərbi Azərbaycan vilayətində fəaliyyət göstərən televiziyalarda isə ana dilimiz daha məhduddur. Belə ki, televiziyalarda hazırlanan verilişlərin 60 faizi farsca, 20 faizi kürdcə, yalnız 20 faizi Azərbaycan türkcəsində olur. Bu ölkə əhalisinin 35 milyonunu təşkil edən bir xalq üçün qəbulolunmazdır. Onu da nəzərə almaq lazımdır ki, bir Güney Azərbaycanda başqasının deyil, öz tarixi torpaqlarımızda yaşayırıq və orada milli azlıq yox, böyük bir xalqıq.

Yorumlar