Ramil Səfərov Fəxri Xiyabanda olub

Azərbaycan Ordusunun zabiti həmçinin Şəhidlər Xiyabanını ziyarət edib


Bu gün Macarıstanda ömürlük həbs cəzasına məhkum edilmiş Azərbaycan Ordusunun zabiti Ramil Səfərov Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib. R.Səfərov onların xatirəsini dərin ehtiramla yad edib, məzarları önünə gül dəstəsi qoyub. ANS PRESS-in məlumatına görə, daha sonra o, Şəhidlər Xiyabanına gedərək şəhidlərin xatirəsini yad edib, məzarları önünə gül qoyub. R.Səfərov həmçinin Şəhidlər Xiyabanında şəhid türk hərbçilərinin şərəfinə ucaldılmış abidənin qarşısına gül çələngi qoyub.

Qeyd edək ki, Macarıstanda həbsdə olan Azərbaycan Ordusunun zabiti Ramil Səfərov bu gün Azərbaycana gətirilib. O, bu gün ölkə başçısının sərəncamı ilə əfv olunub.

Ramil Səfərov 2004-cü ilin yanvar ayında Müdafiə Nazirliyinin sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunmuşdu. Vətənə dönməyə 20 gün qalmış - fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini qətlə yetirmişdi. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuşdu. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilmişdi.








Yorumlar