Ərdoğan sanksiyaların sərtləşdiriləcəyini dedi; Azərbaycanda isə Fransanın həmsədrlikdən uzaqlaşdırılması məsələsi gündəmə gətirildi
Fransa Senatının uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunu qəbul etməsi, gözlənildiyi kimi, Türkiyə ilə Fransa arasındakı gərginliyi daha da artırıb. Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məsələyə dərhal reaksiya verib və bildirib ki, Ankaranın məsələyə reaksiyasının sözdə qalacağını düşünən dairələr yanılır. “Türkiyə fundamental insani dəyərləri və xalqın vicdanın heçə sayan bu haqsız addıma qarşı bütün lazımi addımları atmaqda qərarlıdır”. Baş nazir Rəcəb Tayyib Ərdoğan isə “Bu qanun açıq-aşkar ayrı-seçkilik və irqçilikdir, fikir azadlığını öldürən və Türkiyəyə qarşı düşmənçilik üzərində qurulmuş səs toplama kampaniyasıdır. Fransa və Avropa tarixinə haqsızlıqdır” deyib. Ərdoğan Sarkozinin babasının Osmanlı İmperiyasının tabeliyindəki Saloniki (indiki Yunanıstan) şəhərində doğulub böyüməsi, ulu babasının isə İspaniyadan qovulan və Osmanlının qucaq açdığı bir yəhudi olması faktının ironik olduğunu söyləyib:
“Kökü Osmanlıya qədər gedən bir şəxs nə qədər düşmənçilik edərsə etsin, Osmanlı tolerantlığına kölgə sala bilməz”.
Baş nazir Türkiyənin çığır-bağır salmayacağını, böyük dövlətə xas şəkildə vüqarlı davranacağını vurğulayıb: “Mərhələ-mərhələ, geri addım atmadan nəzərdə tutduğumuz sanksiyaları tətbiq edəcəyik. Hələ səbir edirik, baş verənləri izləyirik. Lazımi qərarlar qəbul edib, sanksiya planımızı ictimaiyyətə açıqlayacağıq”. Azərbaycan əsilli türkiyəli millət vəkili Sinan Oğan isə AKP iqtidarını qınayaraq bildirib ki, hakimiyyət mediasının Azərbaycanı hədəf göstərməsi tamamilə yanlışdır. O, Azərbaycanın tutduğu mövqeyə toxunaraq deyib ki, dünyada Türkiyəyə ən yaxın ölkə olan dost və qardaş Azərbaycan qanunun qarşısını almaq üçün əlindən gələn hər şeyi edib. Fransa dövlətinin tarixi yanlışına qarşı etirazlar Türkiyədə olduğu kimi, Azərbaycanda da davam edir. Ölkəmizin ictimai-siyasi qurumları, rəsmi və qeyri-rəsmi dairələri Fransa parlamentinin ermənipərəst mövqeyinə, tarixi gerçəklikləri təhrif etmə siyasətinə qarşı etiraz səsini ucaltmaqdadır. Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov bildirdi ki, Milli Məclis məsələni daim diqqətdə saxlayacaq: “Bu, elə bir məsələdir ki, Azərbaycan və Türkiyə öz haqqını, hüququnu qorumaq üçün, tarixdə guya ki, baş vermiş yalan uydurmaların qarşısını almaq üçün həmişə fəaliyyət göstərib, bundan sonra da fəaliyyət göstərəcək”. MM rəsmisi dedi ki, hazırda parlamentin nümayəndə heyəti AŞ PA və “Euronest” xətti ilə Fransadadır: “Onlar türkiyəli deputatlarla birgə işləyirlər və bu sahədə öz işlərini görürlər”.
Parisin siyasətinə etiraz əlaməti olaraq Fransa-Azərbaycan dostluq qrupunun fəaliyyəti dayandırıla bilərmi? A.Nəsirov dedi ki, hələlik bu barədə dəqiq bir söz deyə bilməyəcək. Bu arada Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bədnam qanun layihəsinin qəbulundan dərin təəssüf hissi keçirdiyini və qərarı qətiyyətlə pislədiyini bəyan edib: “Fransa Senatının demokratiya, insan hüquqları, söz və ifadə azadlığı prinsipləri ilə ziddiyyət təşkil edən birtərəfli addımları bu ölkənin bəzi regional proseslərdə iştirakına ciddi xələl gətirə və bir sıra xoşagəlməz nəticələrə səbəb ola bilər.
20-ci əsrin sonunda Ermənistanın təcavüzü nəticəsində 1 milyona yaxın azərbaycanlının hüquqlarının pozulmasını və Azərbaycanın 20 faiz torpaqlarının işğalını görməzdən gələn Fransa parlamentarilərinin bu qərarı siyasi məqsədlərinə yönəltməsi, ümumiyyətlə, Fransanın obyektivliyini şübhə altına alır. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Fransa Senatının bu addımını bir daha qınayır və Fransanı tarixə qərəzsiz nəzər salmağa və bu cür məsələləri siyasi oyuna çevirməməyə çağırır”. Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov isə bildirib ki, qərar Fransanın “Respublika Demokratiyasının” ruhu və mahiyyəti ilə ziddiyyət təşkil edir və böyük təəssüf hissi doğurur: “Bu qanun nə hüquqi baxımdan, nə də mənəvi baxımdan əsaslandırılması mümkün olmayan, yalnız hakim partiyanın və erməni lobbisinin təsiri altında olan senatorların qərəzli fəaliyyətinin nəticəsi kimi səciyyələndirilə bilər”. E.Aslanov deyib ki, bu qanun Fransa Konstitusiyası ilə ziddiyyət təşkil etməsi riski böyük olduğuna görə onun Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilməsi mümkündür. PA rəsmisinin fikrincə, bu hadisənin özünü insan hüquqlarının beşiyi hesab edən bir dövlətdə baş verməsi təəssüf hissi doğurur. “Fransa parlamenti Xocalı soyqırımına hüquqi qiymət verməlidir”, - deyə o bildirib.
***
“Fransanın sülh danışıqlarında iştirak etməsinin səmərə verəcəyinə inamımız qalmayıb. Ona görə də Fransanın Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılması məsələsi Azərbaycan cəmiyyətində, siyasi dairələrdə mütləq müzakirə mövzusu olacaq. Hesab edirəm ki, bununla bağlı fikirlərimizi deməliyik və buna görə bizi heç kim qınaya bilməz”. Bunu “mediaforum”a açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova bildirib. “Dünya tarixində ilk dəfədir ki, belə ağılsız, əsassız qərar qəbul edilib. Fransa Senatı bu qərarı hansısa xırda məqsədə nail olmaq üçün qəbul edib. Bundan sonra ATƏT Minsk Qrupu çətin ki, Qarabağ münaqişəsi ilə bağlı obyektiv qərar verə. Mənim bu quruma, ümumiyyətlə, inamım yoxdur”. APA-nın xəbərinə görə, bunu Milli Məclisin Regional məsələlər Komitəsinin sədri Arif Rəhimzadə deyib. “Fransanın siyasi tarixinə ləkə olaraq qəbul edilmiş bu qərar ilk növbədə fransızlar tərəfindən dəyişdirilməlidir.
İnanmaq istərdik ki, Konstitusiya Məhkəməsi bu qərara ”yox" deyəcək. Artıq bitərəf olmayan Fransa ermənipərəst mövqeyinə görə Azərbaycan və Ermənistanın münasibətlərində öz vasitəçilik missiyasını yerinə yetirə bilməz". Bunu isə YAP-çı deputat Gülər Əhmədova bildirib. O qeyd edib ki, Fransa bununla işğalçı və ədalətsiz siyasətin tərəfdarı olduğunu nümayiş etdirdi. BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin sözlərinə görə, Fransa vasitəçi kimi ona verilən mandat üzərindəki hüquqi və mənəvi haqqını itirib: “Buna görə də Azərbaycan dərhal Fransanın Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılması üçün müvafiq qərarlar qəbul etməli, Fransa ilə bütün istiqamətlərdə əlaqələrinə yenidən baxmalıdır. Azərbaycan eyni zamanda BMT Təhlükəsizlik Şurasının üzvü kimi Fransa Senatının qəbul etdiyi qanunun insan hüquq və azadlıqlarının təməl prinsiplərinə, düşüncə və söz azadlığına zidd olduğunu əsas götürərək, beynəlxalq birliyi bu qanunun ləğvi üçün hərəkətə keçməyə çağırmalıdır”. Deputat Çingiz Qənizadə də deyib ki, Fransa Senatının qəbul etdiyi bu məlum qərar İkinci Dünya Müharibəsindən sonra Avropada qəbul edilmiş ən mürtəce, antidemokratik və hüquqa zidd bir qanundur: “Biz, hər zaman olduğu kimi, bu məsələdə də Türkiyənin yanında olmalıyıq”.
“Erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasına dair qanun layihəsinin Fransa Senatında qəbulu rüsvayçılıqdır. Bununla Fransa tərəfli olmasını, ermənilərdən də ermənipərəst olduğunu göstərdi. Ona görə hesab edirəm ki, bu rüsvayçılığa qarşı ciddi tədbirlər görülməli, adekvat addımlar atılmalıdır". Bunu isə modern.az-a deputat Məlahət İbrahimqızı deyib. Qanunu Azərbaycan xalqına, bir milyon qaçqına, Xocalı soyqırımında qurban olan insanların ruhuna təhqir sayan M.İbrahimqızının fikrincə, Azərbaycan Xocalı məsələsini ciddi olaraq gündəmə gətirməlidir. YAP-ın sədr müavini, icra katibi Əli Əhmədovun sözlərinə görə, bu qanun tək Türkiyəyə qarşı deyil, Azərbaycanın da maraqlarına toxunur. Əhmədovun fikrincə, bu qanunun qəbulu Fransanın açıq şəkildə özünü Ermənistanın müdafiəçisi kimi təqdim etməsini göstərir. “Azərbaycanda bu ölkəyə qarşı olan tənqidi yanaşmalar, düşünürəm ki, o ölkənin həmsədrlikdən kənarlaşdırılması çağırışları səviyyəsinə qalxacaq”, - Əhmədov deyib. Deputat Vahid Əhmədovun fikrincə, Azərbaycan Fransa Senatının bu qərarına adekvat reaksiya verməlidir. Deputat Fransa şirkətləri ilə münasibətlərə yenidən baxılmasından tutmuş, bu ölkə ilə iqtisadi əlaqələrin minimuma endirilməsinədək bir sıra addımların nəzərdən keçirilməsini zəruri sayır. V.Əhmədovun sözlərinə görə, Azərbaycan Türkiyə ilə təcili məsləhətləşmələrə başlamalı və Fransanın ermənipərəst siyasətinə qarşı mübarizədə qardaş ölkə ilə bir yerdə olmalıdır. MM-in yəhudi əsilli deputatı Yevda Abramov da hesab edir ki, Fransa Senatının bu qərarına qarşı ən kəskin formada etiraz bildirilməlidir. “Azərbaycan xalqı, ictimaiyyəti və hökuməti Fransa Senatında qondarma ”erməni soyqırımı"nı inkara görə məsuliyyət nəzərdə tutan qanun layihəsinin qəbul edilməsinə ciddi şəkildə etiraz etməlidir. Bu etiraz özünü bəyanatlarla, açıqlamalarla, kiçik aksiyalarla deyil, konkret addımlarla göstərməlidir. Fransız ətrindən tutmuş Azərbaycanın Fransadakı səfirinə boykot elan olunmalıdır". Bu sözləri isə “Qafqazinfo”ya açıqlamasında Milli Məclisin üzvü Adil Əliyev bildirib.
O da deyib ki, Fransanın ATƏT-in Minsk Qrupundakı həmsədrliyindən imtina edilməsi ilə bağlı məsələ də gündəmə gətirilməlidir. “Senatda ”erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasına dair qanun layihəsinin qəbulu Fransa tarixi üçün bu bir qara ləkədir". Bu sözləri isə QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev deyib. Əlavə edib ki, Fransanın addımı həm də Azərbaycanın və Türkiyənin müəyyən ortaq maraqlarına qarşı yönələn birbaşa təhqirdir. Politoloq Vəfa Quluzadə məsələyə realist yanaşmağı təklif edir: “Biz Azərbaycan hakimiyyətini də, Fransanı da tanıyırıq, mövcud siyasi vəziyyətə də bələdik. Bu illərdə Azərbaycan və Türkiyə arasında müəyyən yaxınlaşma oldu. Amma biz bir millət olsaq da, iki ayrı dövlət olaraq öz maraqlarımızı müdafiə etdik. Mən bir vətəndaş kimi Fransanın bu addımına qarşıyam. Hesab edirəm ki, ”Total" şirkəti Azərbaycandan çıxarılmalı, Fransanın Minsk Qrupundakı fəaliyyətinə son qoyulmalıdır. Əgər ATƏT Fransanı Minsk Qrupundan çıxarmasa, o halda biz Fransa nümayəndəsini boykot etməliyik. Ancaq mən vətəndaşın təklifini hakimiyyət qəbul etməyəcək. Azərbaycan hakimiyyəti bilir ki, Türkiyə ilə Fransa əlaqələri pozulsa da, sonradan bərpa olunacaq. Ona görə də məsələyə soyuqqanlı yanaşır. Əgər Azərbaycan və Türkiyə Fransanın əleyhinə uzunmüddətli fəaliyyət göstərəcəklərsə, o halda sərt qərarlar vermək olar. Əks təqdirdə, əlaqələrin korlanmasına getmək olmaz. Ölkələrlə əlaqələri kəsmək asan məsələ deyil. İsraillə Türkiyə arasında problemlər yaşansa da, artıq münasibətlər düzəlməyə doğru gedir. Unutmayaq ki, Türkiyə həm Fransa, həm də İsrailin NATO-dakı müttəfiqidir. Azərbaycan bu məsələdə ehtiyatlı davranmalıdır". V.Quluzadə konkret təkliflə də çıxış etdi: “Türkiyə və Azərbaycan parlamenti qərar qəbul etsin ki, kim erməni soyqırımının olduğunu dilə gətirsə, ona həbs cəzası verilsin və 100 min dollar cərimə kəsilsin”.
***
ALP lideri Lalə Şövkətin bəyanatında isə hökumət qarşısında 7 tələb qoyulub. Bildirilir ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədrliyindən dərhal uzaqlaşdırılmalı, Azərbaycanın Fransadakı səfiri geri çağırılmalı, yaranmış duruma uyğun olaraq Azərbaycanın Fransa ilə siyasi, iqtisadi və mədəni əlaqələrinə yenidən baxılmalı, Türkiyə-Azərbaycan Yüksək Strateji Əməkdaşlıq Konseyi Fransanı onun parlamenti tərəfindən qəbul olunmuş bu mənfur qanunun Avropa İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi Konvensiyasına zidd olduğuna görə Avropa İnsan Haqları Məhkəməsinə verməli, dövlət başçısı, onun xanımı və Fransanın “Fəxri legion” ordeni ilə təltif olunan digər Azərbaycan vətəndaşları Fransanın bu addımına etiraz olaraq bu ordendən imtina etməli, Azərbaycan vətəndaşlarına Fransaya səyahət etməmək tövsiyə olunmalı, bütün digər hüquqi, siyasi, iqtisadi, sosial yöndə addımlar Türkiyə ilə birgə uzlaşmalıdır. Ümid Partiyasının yaydığı bəyanatda isə deyilir: “Fransa Parlamenti düşünməsin ki, atdığı addımla türk xalqına zərbə vurur, tam əksinə, bu qanun Fransa vətəndaşlarına, bu ölkədə olan və yaşayan hər kəsə, bütün Avropaya böyük zərbədir. Eyni zamanda sabah Fransaya qarşı da göstəriləcək ədalətsiz, qeyri-demokratik münasibətlərə yol verəcək zəmindir. Ümid Partiyası olaraq hesab edirik ki, Fransa bundan sonra Minsk Qrupunda həmsədrlik etməyə davam edə bilməz. Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış qurumdur. Amma Fransa qəbul etdiyi qanunla münaqişələrə, Avropa prinsiplərinə, demokratik dəyərlərə münasibətini ortaya qoymuş və bu addımı ilə də Azərbaycan xalqı yanında etimadını itirmişdir. Fransanın belə qanun layihəsini qəbul etməsi onun nəinki bu missiyada tərəfli mövqeyi olmasına dair şübhələr yaradır, eyni zamanda Cənubi Qafqaz bölgəsində apardığı siyasətə başqa, qərəzli bir rəng qatır. Bu səbəbdən də Fransaya bu həmsədrlik missiyasında göstərdiyimiz etimadsızlıq əsassız deyil, əksinə, gələcəkdə veriləcək qərəzli qərarların önləyicisidir”.
***
İctimai Palatanın Koordinasiya Şurası isə bu gün Fransanın Bakıdakı səfirliyinin qarşısında etiraz aksiyası keçirəcək. Bu barədə qurumun dünən keçirilən fövqəladə toplantısında qərar qəbul olunub. Aksiya piket formasında olacaq və Fransa Senatının qəbul etdiyi ermənipərəst qanuna etiraz xarakteri daşıyacaq. Müsavat başqanının müavini Tofiq Yaqublu dedi ki, Türkiyə səfirliyinin qarşısında da İP-in gənclərinin qardaş ölkəyə dəstək aksiyası olacaq. APA-nın məlumatına görə, İctimai Palatanın Koordinasiya Şurasının iclasında Fransa Senatında “Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan” qanun layihəsinin qəbulu müzakirə mövzusu olub. İclasda bu məsələ ilə bağlı bir sıra tədbirlərin həyata keçirilməsi qərara alınıb.
Qərara əsasən, yanvarın 25-də Fransanın Azərbaycandakı səfirliyinin binası qarşısında aksiya keçiriləcək, yanvarın 26-da isə Bakıdakı Türkiyə səfirliyinin binası qarşısından Fransa səfirliyinə qədər yürüş təşkil ediləcək. İctimai Palatanın Avropada fəaliyyət göstərən təşkilatlarına da iclasda müvafiq göstərişlər verilib. Göstərişlərə əsasən, təşkilatlar Fransa Senatının bu qərarına etiraz əlaməti olaraq, aksiyalar, tədbirlər keçirməlidirlər. Yığıncaqda Fransa Senatının bu addımını qınayan bəyanat da qəbul edilib.
Yorumlar