Jurnalistlər üçün korrupsiyaya qarşı mübarizə sahəsində təlimlər keçiriləcək
Korrupsiyaya Qarşı Mübarizə İdarəsi
və QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi arasında memorandum imzalanıb
Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ilə Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi arasında Anlaşma Memorandumu imzalanıb. Lent.az-ın məlumatına görə, memarandumu Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev və şəbəkənin koordinatoru, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev imzalayıb. Memoranduma əsasən, tərəflər korrupsiyaya qarşı mübarizə sahəsində sıx əməkdaşlıq edəcək.
Qarşılıqlı forum, dəyirmi masa və konfransların keçirilməsi, vətəndaşlarda korrupsiyaya qarşı dözülməz münasibətin – vətəndaş mövqeyinin formalaşdırılması üçün antikorrupsiya biliklərinin yayılması, maarifləndirmə məqsədilə birgə layihələrin həyata keçirilməsi, o cümlədən korrupsiyaya qarşı mübarizəyə dair nəşrlərin və sosial reklam məqsədi daşıyan digər əyani vəsaitlərin birgə hazırlanması, yayılması sahəsində birgə fəaliyyət göstərəcək.
Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və şəbəkə həmçinin, kütləvi informasiya vasitələrinin korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış və təhqiqat jurnalistikası ilə məşğul olan nümayəndələri üçün təlimlər keçirilməsini, korrupsiyaya qarşı mübarizə vəziyyətinin birgə təhlili və bu mübarizənin səmərəliliyinin artırılması üzrə konsepsiya və təkliflərin hazırlanmasını planlaşdırır.
Yorumlar