Yəhudilərə sui-qəsd hazırlayan qrup tutuldu
Hədəfdə yəhudi məktəbinin rəhbərliyi olub; xarici xüsusi xidmət orqanlarının da bu planın üstünün açılmasında iştirakı istisna deyil.Dünən Milli Təhlükəsizlik Nazirliyi İrandan dəstəklənən və Bakıdakı xarici ictimai xadimlərə qarşı yönəldiyi bildirilən yeni terror planının üstünün açıldığını elan edib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən yayılan rəsmi məlumatda deyildiyinə görə, MTN
tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində “xarici ölkə vətəndaşı olan ictimai xadimin” xidməti fəaliyyətinə son qoymaq məqsədilə onun həyatına sui-qəsd etməyə, yəni terror aktına hazırlıqda, qanunsuz olaraq külli miqdarda odlu silah, döyüş sursatı, partlayıcı maddələrin, qurğuların əldə edilməsində və digər cinayətlərdə təqsirli bilinən bir qrup şəxs ifşa olunaraq yaxalanıb.
Məlumatda deyilir ki, Azərbaycan vətəndaşları - Əliyev Rasim Fərail oğlu, Hüseynov Əli Əlihəmzə oğlu, habelə əvvəllər banditizm, adam oğurluğu, quldurluq kimi xüsusilə ağır cinayətlər törətdiyinə görə barəsində axtarış elan edilmiş, hazırda İranın Ərdəbil şəhərində yaşayan Dadaşov Balaqardaş Əlisəfa oğlu və qeyriləri cinayət əlaqəsinə girərək Bakı şəhərində fəaliyyət göstərən xarici ölkə vətəndaşları olan ictimai xadimlərin xidməti fəaliyyətlərinə son qoymaq məqsədilə onların həyatına sui-qəsd, yəni terror aktı etməyə hazırlıq işləri aparıb, bu məqsədlə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək İran istiqamətindən Azərbaycanın gömrük nəzarətindən kənar ölkəyə gətirib, digər hüquqazidd əməlləri törədiblər.
Müəyyən edilib ki, İranın xüsusi xidmət orqanları ilə əlaqədə olan Balaqardaş Dadaşov Ərdəbil şəhərində yaşadığı mənzilində 2011-ci ilin avqust ayında qaynı Rasim Əliyev ilə növbəti görüşü zamanı sonuncuya Bakı şəhərində fəaliyyət göstərən xarici ölkə vətəndaşları olan ictimai xadimlərin həyatına sui-qəsd törədilməsini sifariş edib və bu işin müqabilində ona 150 min ABŞ dolları məbləğində pul verəcəyini vəd edib.
Rasim Əliyev bu təkliflə razılaşdıqdan sonra Balaqardaş Dadaşov ona sui-qəsd ediləcək şəxslərin fotoşəkillərini, habelə onların Bakı şəhərində işlədikləri və yaşadıqları ərazinin plan-sxemini və idarə etdikləri avtomaşınların fotoşəkilini təqdim edib. Balaqardaş Dadaşov terror aktının həyata keçirilməsi məqsədilə müəyyən hazırlıq işlərinin aparılması üçün Rasim Əliyevə ayrı-ayrı vaxtlarda ümumilikdə 9 min 300 ABŞ dolları məbləğində pul verib. Rasim Əliyev tapşırığı yerinə yetirmək üçün odlu silahdan istifadə etmək bacarığına malik olan tanışı Əli Hüseynov ilə cinayət əlaqəsinə girərək, Balaqardaş Dadaşovun sifarişi barədə onu ətraflı məlumatlandırıb və bu sui-qəsdi icra edəcəyi təqdirdə alacağı pulun yarısını ona verəcəyini vəd edib.
Əli Hüseynov bu təkliflə razılaşdıqdan sonra, qətllərin icrası ilə bağlı hazırlıq işlərinin görülməsi, o cümlədən avtomaşının alınması və digər məsələlərin həlli üçün Rasim Əliyev ona ayrı-ayrı vaxtlarda ümumilikdə təxminən 7 min ABŞ dolları məbləğində pul verib. Rasim Əliyev Əli Hüseynova sui-qəsd edəcəkləri şəxslərin, onların işlədikləri yerlərin və idarə etdikləri avtomaşınların fotoşəkillərini, yaşadıqları ünvanların plan-sxemini də təqdim edib. Əli Hüseynov terror aktını icra etmək məqsədilə Rasim Əliyevdən aldığı pulun bir hissəsini “BMW” markalı işlənmiş avtomaşının əldə edilməsinə və təmirinə, cinayətin törədilməsində istifadə ediləcək digər əşyaların alınmasına xərcləyib.
Əli Hüseynov həyatlarına sui-qəsd edəcək şəxslərin işlədikləri əraziyə bir neçə dəfə gəlib, kənardan gizli müşahidələr aparıb, burada çoxlu sayda təhlükəsizlik kameralarının quraşdırıldığına və terror aktının törədilməsinin yaxın məsafədən mümkünsüzlüyünə əmin olduqdan sonra cinayəti yalnız uzaqdan snayper tüfəngi ilə icra etmək qənaətinə gəlib. Eyni zamanda, Əli Hüseynov terror aktının icrasını həmin ərazidə həyata keçirə bilməyəcəyi təqdirdə xarici ölkə vətəndaşlarını yaşadıqları evin yaxınlığında tapança ilə qətlə yetirməsinin mümkünlüyünü planlaşdırıb. Əli Hüseynov müşahidələrinin nəticəsi barədə Rasim Əliyevi məlumatlandırıb, ona səsboğucuları ilə birlikdə Rusiya istehsalı olan snayper tüfənginin və “PM” tipli tapançanın əldə edilməsinin vacibliyini bildirib. Rasim Əliyev İrana gedərək Əli Hüseynovun təkliflərini Balaqardaş Dadaşova çatdırıb, sonuncu lazım olan silahların Azərbaycana gətirilməsinin təmin ediləcəyinə söz verib. Bir müddətdən sonra Rasim Əliyev Balaqardaş Dadaşov ilə yenidən görüşmək üçün Ərdəbil şəhərinə gedib və sonuncunun yaşadığı mənzildə tapşırığın icrası ilə əlaqədar Əli Hüseynovla birgə topladıqları məlumatları ona çatdırıb. Balaqardaş Dadaşov sifariş verilmiş silahların Biləsuvar rayonu ərazisində əvvəlcədən razılaşdırılmış yerdə gizlədiləcəyini demiş və onların oradan götürülməsini Rasim Əliyevə tapşırıb. Lakin Rasim Əliyev odlu silahların tapşırılan yerdən götürülməsinin təhlükəli olduğunu bildirib və Əli Hüseynovla birlikdə silahların qoyulması üçün özlərinin təklif etdikləri ərazinin videoçəkilişini apardıqları yaddaş kartını Balaqardaş Dadaşova verib.
Balaqardaş Dadaşov həmin yaddaş kartını götürüb və bu təklif barədə İranın xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşüb məsləhətləşdikdən sonra nəticəsini Rasim Əliyevə bildirəcəyini deyib. Balaqardaş Dadaşov lazım olan şəxslərlə məsləhətləşdiyini və təklifin qəbul olunmadığını, sifariş edilən silahların Bakı-Astara avtomagistralının 150-ci kilometrliyində, yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsinin kənarında əvvəlcədən razılaşdırılmış yerdə gizlədiləcəyini bildirib.
Balaqardaş Dadaşov 2011-ci ilin oktyabr ayında 1 ədəd “SVD” tipli snayper tüfəngi, həmin silaha məxsus 2 ədəd səsboğucu və 2 ədəd dolu daraq, 1 ədəd optik nişangah, 3 ədəd “PM” tipli tapança, həmin silaha məxsus 3 ədəd səsboğucu və 3 ədəd daraq, üzərində “Charge Demolition M-112" yazıları olan ”C4" kompozisiyalı 16 ədəd 800 qramlıq plastik partladıcı maddə, 10 ədəd elektrodetonator, 117 ədəd 7,62 mm və 112 ədəd 9 mm çaplı patron yığılmış iki bağlamanı gizli yolla İrandan Azərbaycana gətirilməsini , Bakı-Astara avtomagistralının 150-ci kilometrliyində, yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsinin kənarında əvvəlcədən razılaşdırılmış yerdə gizlədilməsini təşkil edib. MTN tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Rasim Əliyev və Əli Hüseynov planlaşdırdıqları terror aktını başa çatdıra bilməyərək yaxalanıblar. Qrupun üzvləri tərəfindən Bakı-Astara avtomagistralının 150-ci kilometrliyində, yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsinin kənarındakı gizli yerdə basdırılmış bağlamalardan qeyd olunan odlu silahlar, onların komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğular aşkarlanaraq götürülüb. Hazırda MTN-in İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,277-ci (ictimai xadimin xidməti fəaliyyətinə son qoymaq məqsədi ilə onun həyatına sui-qəsd etməyə hazırlıq), 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah, döyüş sursatı və partlayıcı maddələrin və qurğuların qacaqmalçılığı) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı, partlayıcı maddələr əldə etmə, başqasına vermə və daşıma) maddələri ilə cinayət işinin istintaqı aparılır. Rasim Əliyev və Əli Hüseynov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Əməliyyatla bağlı xüsusi buraxılış dünən axşam Az.TV-də efirə verilib.
Axşam saatlarında efirə verilən xüsusi filmdən belə aydın olur ki, öldürülməsi nəzərdə tutulan şəxslər yəhudi əsilli xarici ölkə vətəndaşları imiş. Onların hansısa məktəbdə müəllim işlədikləri barədə açıqlama verilsə də, həmin məktəbin adı və təyinatı barədə danışılmayıb. Lakin görüntülərdən anlaşılan budur ki, həmin məktəbin binası xüsusi qorunur, çoxsaylı müşahidə kameraları ilə 24 saat çəkiliş aparılır. İnternetdə apardığımız qısa araşdırmalar nəticəsində aydın oldu ki, söhbət Bakıdakı yəhudi məktəbindən, oranın direktoru və bir müəllimindən gedir. Hətta bu məktəbə dair fotolardan saxlanılanların təsvir etdikləri şəxsləri müəyyən etmək də mümkün oldu. Rasim Əliyev verdiyi video-ifadədə bildirir ki, İran bu yəhudiləri MOSSAD tərəfindən partladılaraq öldürülməsi iddia olunan nüvə alimlərinin qətlinə cavab olaraq öldürtmək istəyib.Belə bir hay-küylü prosesin içərisində əsas hədəf olaraq yəhudi əsilli xaricilərin adları varsa, iddia etmək mümkündür ki, bu cinayətin aşkarlanmaslnda xarici xidmət orqanlarının, xüsusi ilə də MOSSAD-ın yardımı olub.Çünki bu, İran xüsusi xidmət orqanlarının Azərbaycanda ilk işi deyil. Rəsmi bilgilərə istinad etsək görərik ki, Azərbaycanda “əl-Qaidə”nin, digər radikal dini qrupların, İran xüsusi xidmət orqanlarının hazırladığı terror planlarının üstünün açılmasında ABŞ və İsrail xüsusi xidmət orqanlarının dəstəyi hər zaman olub. Bu barədə dəfələrlə xarici mətbuat da yazıb. Azərbaycan terrora qarşı mübarizədə və təhlükəsizlik məsələlərində sözügedən ölkələrlə sıx tərəfdaşlıq edir. Eyni zamanda belə görünür ki, MTN-in yaydığı son sensasion məlumat Tehranla Bakı arasında onsuz da mürəkkəb olan münasibətləri daha da gərginləşdirəcək.Sonda bu terrorun təşkilatçısı kimi qeyd olunan Dadaşov Balaqardaş haqqında. Ötən ilin noyabrında onunla bağlı yayılan məlumatda deyilir: “60 yaşlı Dadaşov Balaqardaş Əlisəfa oğlu Nardaran sakinidir. 1995-ci ildən axtarışda olan B. Dadaşov Azərbaycanda kidnepinqin (uşaq oğurluğu) əsasını qoyub. B. Dadaşov bundan başqa adam girov götürmə, qəsdən adam öldürmə, qanunsuz silah gəzdirmə və. s hadisələr törətmiş silahlı birləşmələrə rəhbərlik edib. Məsuliyyətdən yayınmaq üçün uzun müddət İraqda gizlənən B. Dadaşov son illər İrana gəlib. Hazırda bu ölkədə gizlənən cinayətkarın tutulması üçün barəsində beynəlxalq axtarış da elan edilib. Lakin İran İslam Respublikası heç bir beynəlxalq konvensiyaya qoşulmadığı üçün B. Dadaşovu tutaraq Azərbaycana gətirmək mümkün olmayıb”.
Obyektivlik naminə onu da deyək ki, dünən AzV-nin efirində ifadə verən terroristlər olduqca qeyri-ciddi təsir bağışlayırdılar...
Yorumlar