RESMI ANKARA FRANSANIN "MINSQ" QRUPUNDAKI HEMSEDRLIYINDEN CIXARILMASINDA ISRARLIDIR!

Türkiyə xarici işlər naziri Fransanın qurumdakı rolunun nəzərdən keçirilməli olduğunu deyib. Türkiyə Fransanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ATƏT-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Minsk qrupunun çıxarılmasının tərəfdarıdır. Bunu Türkiyənin xarici işlər naziri Əhməd davudoğlu CNN Türk televiziyasında dəvət olunduğu "Eğrisi Doğrusu" verilişində bildirib. O, verilişdə həmçinin İraq və Suriya məsələsinə də toxunub. Dağlıq Qarabağ məsələsindən danışan Ə. Davudoğlu deyib ki, Azərbaycanın işğal edilən torpaqları həm də türklərin torpaqlarıdır: “Biz bunu belə qəbul edirik. Mən azərbaycanlıların Fransa Senatının qərarına ortaq məsələ olaraq qəbul etdiklərinə əminəm”. Qarabağ münaqişəsinin həlli ilə əlaqədar 1992-ci ildə yaradılan və Türkiyənin də üzv olduğu Minsk qrupunun ABŞ (Amerika Birləşmiş Ştatları), Rusiya və Fransa olmaqla 3 həmsədr ölkə olduğunu qeyd edən Ə. Davudoğlu Fransanın vasitəçilik rolunu nəzərdən keçirmək lazım olduğunu vurğulayıb. Minsk qrupunun həmsədr ölkələrinin prosesdə (sürəc) aktiv iştirak etmədiklərini deyən Davudoğlu Rusiyanın məlum coğrafi yaxınlığı olduğunu anladığını və ABŞ 1990-cı ildən mühüm super güc olduğunu xatırladıb: “Amma Fransanın burada hansı rol oynadığını artıq öyrənməliyik”. Davudoğlu daha sonra Azərbaycan-Ermənistan münasibətlərinə toxunub: “Azərbaycan-Ermənistan münaqişəsindən bu və ya digər şəkildə təsirlənən iki millət varsa, biri ruslar, digəri isə türklərdir. Fransa prezidenti Nikola Sarkozi iki gün Ermənistanda, bir neçə saat Azərbaycanda qaldı. Çox açıq bir şəkildə tərəf tutduğunu nümayiş etdirdi.Türk torpaqlarına geri dönüb Ağrı dağını göstərəcək, sonra da həmsədr ölkə olaraq vasitəçi rolunu oynayacaq. Mən bu sahədə çalışmış bir şəxs olaraq söyləyirəm, Fransanın belə bir missiyanı (görəvi) yerinə yetirməsi mümkün deyil”.

Yorumlar