DR. COHREQANLI TURKIYEYE NIYE BURAXILMIR?!

"Çöhrəqanlının Türkiyəyə girməsinə izin verilmir" Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) Türkiyə paytaxtı Ankarada qurultay keçirib. Tədbirdə qurumun təşkilati məsələsinə baxılıb. Qurultayda hazırda ABŞ-da yaşayan güneyli Mahmudəli Çöhrəqanlı yenidən GAMOH başqanı seçilib. Təşkilatın İdarə Heyəti də formalaşıb. 17 nəfərlik İdarə Heyətində Güney Azərbaycandan 10 nəfər təmsil olunur. 7 nəfər isə xaricdə yaşayan azərbaycanlılardır. Təşkilatın başqanı seçilən Çöhrəqanlı qurultaya internet
vasitəsi ilə qatılıb. Toplantıda iştirak etmiş, hazırda Türkiyədə yaşayan professor Xanım Xəlilova qurultayla bağlı "Şərq"in suallarını cavablandırıb. O deyib ki, GAMOH-un qurultayında əsasən gənclər iştirak edib və yeni başqan seçkisi keçirilib. Təşkilatın yeni sədri internet vasitəsilə qatıldığı tədbirdə iştirakçılara, xüsusən də gənclərə öz müraciətini ünvanlayıb. - Çöhrəqanlı müraciətini etdi. Bütün türklərə, quzeyli - güneyli Azərbaycan türklərinə, Anadolu türklərinə və ümumilikdə türk gəncliyinə edilən bu müraciətdə birlik, bərabərlik arzuladığını bildirdi. Gözəl bir çıxış etdi, yenidən hərəkatın başına keçdiyindən məmnunluğunu bildirdi. Ondan sonra tədbirdə iştirak edənlərin hamısı, partiya təmsilçiləri, özəlliklə müxtəlif dərnəklərin üzvləri, qəzet yazarları öz fikirlərini bildirdilər. Məni də tədbirə dəvət etmişdilər. Hamımıza da ödül verildi. Bu, Güney Azərbaycanla bağlı, oradakı hərəkatla bağlı keçirilən önəmli qurultay idi. Mənə elə gəlir ki, güneyli soydaşlarımızın fəallığında bu tədbirin önəmi böyük olacaq. - Güney Azərbaycan problemlərini zaman-zaman gündəmə gətirən GAMOH bundan sonra necə fəaliyyət göstərəcək. Yəni qurultayda bununla bağlı hansı qərar verildi? Məsələ burasındadır ki, təşkilatın son illərdə aktiv fəaliyyəti hiss olunmur. - GAMOH hər zaman Güney Azərbaycan və oradakı soydaşlarımızla bağlı aktiv fəaliyyət göstərib. Ola bilsin ki, hansısa mərhələdə bu təşkilatın fəaliyyəti qənaətbəxş sayılmasın. Yəqin ki, bu da gedən proseslərlə bağlı olub. Amma bundan sonra daha da aktiv surətdə işlər görüləcəyinə inanıram. GAMOH tarixində ilk dəfə olaraq Türkiyədə belə uğurlu bir qurultayı gerçəkləşdirdi. Tədbirdə mən müşahidə etdim ki, daha çox gənc nəslin nümayəndələri təmsil olunurdular və onlar çox aktiv idilər. Hiss olunur ki, Azərbaycandan, Türkiyədən olan gənclik Güney Azərbaycanda baş verən proseslərə yaxından bələddirlər, oradakı hadisələri izləyirlər. Və güneyli soydaşlarımızın azadlığa çıxmasında əllərindən gələn köməyi etməyə hazırdırlar. Sözsüz ki, bütün imperatorluqlar dağılacaq, insanlar öz azadlığına qovuşacaqlar. İnsanlar demokratik yaşamaq istəyirlər, haqlarının qorunmasını istəyirlər və haqlarını tələb edirlər. Əlbəttə ki, demokratiya olsa, insanlar öz sözlərini deyə bilsələr, bu, gözəl olardı. Güney Azərbaycan türkləri də azadlıqlarına qovuşmaq, demokratik cəmiyyətdə yaşamaq arzusundadırlar. Gənclər də GAMOH-un qurultayını keçirdilər, bu təşkilat sıralarında güneylilərin azadlıqlarına qovuşması naminə çalışacaqlarını dedilər. Hesab edirəm ki, bu qürurverici amildir. Şəxsən mən fəxr hissi duydum gənclərimizlə. Çöhrəqanlı Amerikadadır, o da qurultaya qatılmaq istəyirdi. Amma məlumdur ki, Mahmudəli bəyin Türkiyəyə girməsinə izin verilmir. Ona görə də internet vasitəsilə qurultaya qatıldı, fikirlərini səsləndirdi. Təbii ki, bu, birinci mərhələdir. Sonrakı fəaliyyətin daha da yaxşı olacağına inanıram. - Çöhrəqanlı gənclərə nələri tövsiyə etdi müraciətində? - O bildirdi ki, birlik, bərabərlik olmalıdır. Özəlliklə də bütün türklərin bir araya gəlməsinin vacibliyini səsləndirdi. Bizim bir tariximizin, bir bayrağımızın olduğunu diqqətə çatdırdı. Yəni bu yolda bütün türklərin səfərbər olmasının vacibliyini dilə gətirdi. Çöhrəqanlı dedi ki, müstəqil olan Quzey Azərbaycanda, dünyanın aparıcı dövlətlərindən olan Türkiyədə Güney Azərbaycan türklərinin azadlığı məsələsinə daha çox maraq göstərilməlidir. Çünki Güney Azərbaycanda insan haqları tapdalanır, fars rejimi güneyli soydaşlarımızın ən adi hüquqlarını belə tanımır. İnsanlar demokratiya istəyir, azadlıqlarına qovuşmağı arzulayır. Ona görə də əsas türk dövlətləri bu məsələyə biganə qalmamalıdırlar. - Yəqin ki, hazırda İran ətrafında gedən proseslərdən məlumatlısız. Bu proseslər Güney Azərbaycandakı hərəkata hansı təsirləri göstərə bilər? - Əlbəttə ki, nə qədər insanları əzirsənsə, bir o qədər də insanlar özgürlüyünü istəyir. Artıq gənclərimiz fars rejiminin addımlarına yetər deməyin vaxtının gəlib çatdığını bildirirlər. Tək indi yox, illərdir ki, Güney Azərbaycan hərəkatı müstəqillik yolunda sapmadan addımlayır. İnsanlar zindanlara salınsa da, min cür zülmlə qarşı-qarşıya qalsalar da, yenə də azadlıq eşqləri boğulmur. Düşünürəm ki, Güney Azərbaycan türkləri azadlıqlarına qovuşmayana qədər bu mübarizəni aparacaqlar. Sadəcə, mənəvi dəstək lazımdır. Təbii ki, İrana qarşı müharibənin olacağı ehtimalı günü-gündən artır. Şəxsən mən müharibə arzusunda olan adam deyiləm. Təkcə İrana qarşı deyil, ümumiyyətlə, müharibələrin əleyhinəyəm. Çünki müharibə qan deməkdir, səfalət deməkdir. Biz hazırda Suriyadakı vətəndaş müharibəsinin şahidiyik, ondan əvvəl də Liviyada, Tunisdə, Misirdə bu hadisələr baş verdi. Və görürük oradakı qan-qadanı, müharibənin nəticələrini. Ona görə də müharibənin olması heç vaxt arzulana bilməz. Amma ola bilsin ki, İrana qarşı müharibə başlasa, oradakı Güney Azərbaycan insanları da bundan öz azadlıqlarına qovuşmaq istiqamətində addımlar atsınlar.

Yorumlar