İranın neft sənayesi ilə hələ də əlaqəsi olan xarici banklara qarşı tədbirlərin həyata keçirilməsi nəzərdən keçirilir
ABŞ prezidenti Barak Obama İran neftini idxal edən ölkələrə qarşı yeni sanksiyalar təklifini irəli sürüb. Barak Obama bəyən edib ki, İran neftini baykot edən ABŞ müttəfiqləri heç bir mənfi nəticələrlə üzləşməyəcək, çünki dünya bazarında kifayət qədər neft var.
Qərarda bildirilir ki, hətta İranın gündəlik 2.2 milyon barrel neft ixracı azaldılsa belə, dünya bazarının neftlə müvafiq təminatı mümkündür. Bu addım ABŞ-a hələ də İranın neft sənayesi ilə əlaqəsi olan xarici banklara qarşı tədbirlərin həyata keçirilməsinə imkan verəcək.
Qeyd edək ki, İran mübahisəli nüvə proqramı ilə bağlı beynəlxalq təzyiqlə üzləşib. Qərb ölkələri İranın nüvə silahı hazırlamaq cəhdindən şübhə edir. İran hökuməti isə iddia edir ki, bu proqram tamamilə dinc məqsəd daşıyır.
Barak Obama bildirib ki, İrandan neft idxalının azalmasına əmin olanadək dünya bazarına yaxından nəzarəti davam etdirəcək. ABŞ prezidentinin ötən ilin dekbrında imzladığı qanuna əsasən 31 martadək bazarın ölkələrin İrandan neft idxalını dayandırmasına imkan verib-verməməsini müəyyənləşdirmək tələb olunur. Ağ Evin bəyənatında o da bildirilir ki, Cənubi Sudan, Suriya, Yəmən, Nigeriya və Şimal dənizində neft hasilatında yaranan problemlər 2012-ci ilin ilk aylarında bazarda neftin azalmasına səbəb olmuşdu. Ancaq qeyri-İran neftinin kifayət qədər olmasının xarici ölkələrə İran neftinin idxalını əhəmiyyətli dərəcədə azaltmasına imkan verdiyi də qeyd edilir. Həmçinin İrandan bir sıra xam neft idxalçıları artıq neftin idxalını azaldıb və ya alternativ təminatçılarla danışıqlara başladıqlarını bəyan edib. ABŞ prezidentinin dekabrda imzaladığı qanuna əsasən İrandan neft idxal edən ölkələr ya iyunun 28-dək neftin həcmini tamamilə azaltdığını göstərməli, ya da ABŞ maliyyə sistemi tərəfindən tətbiq olunacaq qadağalarla üzləşməlidir. Xatırladaq ki, bu ayın əvvəlində Yaponiya və 10 Avropa Birliyi ölkəsi İrandan neft idxalını azaldıb. ABŞ-ın yeni tədbirləri isə İrandan daha çox neft alan Cənubi Koreya, Hindistan, Çin,Türkiyə və Cənubi Afrikaya təzyiqləri artıra bilər.
Qeyd edək ki, Avropa Birliyinin İrana qarşı tam neft embarqosu iyunda qüvvəyə minəcək. Sanksiyalar əsasən İranın Mərkəzi Bankını hədəfə alıb. Eyni zamanda sanksiyalar İranın Mərkəzi Bankı ilə əlaqəsi olan istənilən banka, şirkətə və ya hökumətə də aiddir.
Mütəxəssislər son bir neçə ayda İranın gündəlik neft ixracının təxminən 300 min barrelədək azaldığını hesablayıblar.
Sanksiyalar İran daxilində də öz təsirini göstərir. İnflyasiyanın artması milli valyutanın dəyərinin aşağı düşməsinə səbəb olub. Bəzi məlumatlara görə, İran vətəndaşları ərzaq da daxil olmaqla idxal məhsulları ilə bağlı çətinliklərlə üzləşirlər.
Yorumlar