Hesabat: “İranda edamların sayı artır”

“Amnesty İnternational” təşkilatı hesabat yayaraq İranda insan hüquqlarının kobud şəkildə pozulmasından narahatlığını bildirib. GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə, hesabatda deyilir ki, son bir ildə İranda insan hüquqlarının pozulması geniş vüsət alıb, edamların sayı artıb: “2011-ci ildə İranda ən azı 360 nəfərin edam olunması barədə rəsmi məlumat yayılıb. Bundan başqa 247 nəfərin də gizli şəkildə zindanlarda edam olunması barədə
etibarlı dəlil-sübutlar mövcuddur. Dünyanın bir çox ölkəsində edamların sayı azaldığı halda İranda edamların sayı artır. Son bir ildə İranda edam olunanların arasında 18 yaşına çatmamış 7 yeniyetmə olub. Bunlardan 3-ü Tehranda, qalanları isə ölkənin digər şəhərlərində edam edilib”. Hesabatda İran zindanlarında müttəhimlərdən etiraf almaq üçün onlara işgəncələr verildiyi də vurğulanır. Həmçinin bildirilir ki, son bir ildə İranda edam olunanların üçdə ikisi narkotik maddələrin satışında və ya qaçaqmalçılığında təqsirli bilinib. N.S

Yorumlar