"İlham Əliyev Nüvə Təhlükəsizliyi Sammitində çıxış edib"

Prezident ölkəmizin nüvə təhlükəsizliyi ilə bağlı dünyada qəbul edilən qərarlara hörmətlə yanaşdığını diqqətə çatdırıb Koreya Respublikasının paytaxtı Seul şəhərində keçirilən Nüvə Təhlükəsizliyi Sammiti bu gün öz işini davam etdirib. Sammitin ikinci günü nüvə təhlükəsizliyi sahəsində milli tədbirlərin təhlilinə və fiziki nüvə təhlükəsizliyinin möhkəmləndirilməsində beynəlxalq əməkdaşlığa həsr olunub.
Zirvə görüşündə dünya liderləri nüvə terrorizminin qarşısının alınması üzrə uzunmüddətli və səmərəli beynəlxalq əməkdaşlıq məsələsində yeni səylər haqqında fikir mübadiləsi aparıb. Çıxışlarda bildirilib ki, ölkələrin rəhbərlərinə elə bir qurumun təşkili vacibdir ki, burada ən yaxşı təcrübəni bölüşmək və götürülən öhdəliklərin reallaşmasına kömək göstərmək mümkün olsun. Sammit iştirakçıları məsələ ilə bağlı son iki ildə əldə edilən irəliləyişə baxmayaraq, nüvə terrorizmi təhlükəsinin hələ də mövcud olduğunu və bu təhlükənin qarşısının alınması üçün dünyanın düzgün istiqamətdə irəlilədiyini bildiriblər. Sammitin birinci plenar iclasında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev nüvə təhlükəsizliyinin bu gün dünya üçün, o cümlədən Azərbaycan üçün mühüm məsələ olduğunu deyib. Dövlət başçısı ölkəmizin nüvə təhlükəsizliyi ilə bağlı dünyada qəbul edilən qərarlara hörmətlə yanaşdığını diqqətə çatdırıb. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan bu qərarları yerinə yetirir, beynəlxalq birliyin bu istiqamətdə səylərini dəstəkləyir və bundan sonra da dəstəkləyəcək. Dövlət başçısı regionda nüvə təhlükəsizliyi məsələsinə toxunaraq bildirib ki, 1976-cı ildə Ermənistanda tikilən Atom Elektrik Stansiyası köhnəlib, müasir standartlara cavab vermir və seysmik zonada yerləşir. Bütün bunlar Ermənistandakı Atom Elektrik Stansiyasını təhlükə mənbəyinə çevirib. Prezident İlham Əliyev Sammitin müasir dünyada nüvə təhlükəsizliyinə dair çağırışlarla bağlı müzakirələrin aparılması baxımından səmərəli nəticələr verəcəyinə əminliyini vurğulayıb. Zirvə görüşündə nüvə terrorizmi təhlükəsinin qarşısının alınması üçün daha ciddi tədbirlərin görülməsi və yeni öhdəliklərin götürülməsi niyyəti ilə 50-dən çox ölkənin dövlət və hökumət rəhbərinin Seulda danışıqlar masası arxasında bir araya gəlməsinin bu sahədə yeni, daha real addımların atılacağına ümidlər yaratdığı və bunun nəticəsi kimi dünya əhalisinin özünü nüvə terrorizmindən təhlükəsiz hiss edəcəyi vurğulanıb. Müzakirələrdə atom energetikası obyektlərində terror təhlükəsinin qarşısının alınması, yüksək zənginləşdirilmiş uran və plutonium kimi xammalın istifadəsini minimuma endirməklə bağlı məsələlər də müzakirə olunub. Diqqət yetirilən əsas məsələlərdən biri də nüvə enerjisindən və radioaktiv materiallardan məkrli məqsədlərlə istifadənin qarşısının əvvəlcədən alınması olub. İclasın yekununda liderlər birgə foto çəkdiriblər. Sonra dövlət və hökumət başçılarının şərəfinə işçi nahar verilib. Prezident İlham Əliyev naharda iştirak edib. Günün ikinci yarısında Sammitin ikinci qapalı plenar iclası keçirilib. Sammitdə yekun kommunike qəbul olunub və növbəti nüvə təhlükəsizliyi sammitinin 2014-cü ildə Niderlandda keçirilməsi qərara alınıb.

Yorumlar