"İranın beynəlxalq vasitəçilərlə görüşü aprelin 13-də keçiriləcək"

Türkiyə bu görüşü keçirməyə hazır olduğunu bəyan edib İran rəsmiləri İslam Respublikasının nüvə probleminin nizamlanması üzrə 6 vasitəçi ölkənin nümayəndələri ilə aprelin 13-də görüş keçirəcək, ancaq bu görüşün yeri hələlik konkretləşdirilməyib. İranın xarici işlər naziri Əli Əkbər Salehii bildirib ki, İran və 5+1 formatı arasında yeni danışıqların yeri yaxın günlərdə müəyyənləşdiriləcək. Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğanın İrana səfər etdiyi bir vaxtda bu barədə məlumat verən Əli Əkbər Salehi onu da deyib ki, bu danışıqların İstanbulda keçirilsinin mümkünlüyü artıq bəyan edilib. Xatırladaq ki, Rusiya, Böyük Britaniya, Çin, ABŞ, Fransa və Almaniyanın daxil olduğu altılıq ölkələri İranın bu danışıqların İstanbulda keçirilməsi təklifi ilə razılaşmamışdı. Onlar ötən il İstanbulda keçirilən danışıqların uğursuzluqla nəticələndiyini əsas gətirib. Ancaq İran telekanallarının verdiyi məlumata görə, Türkiyənin bu ölkədəki səfiri Ümit Yardım bu görüşü yenidən təşkil etməyə hazır olduqlarını bildirib. Rəcəb Təyyib Ərdoğanın İrana səfəri ilə bağlı məlumat da verən Əli Əkbər Salehi dostluq müqnasibətləri mövcud olan Tehran və Ankara arasında təkcə nüvə məsələlərinin deyil, ikiğtərəfli əməkdaşlığın da müzakirə olunacağını deyib. İranın xarici işlər nazirinin sözlərinə görə, bu səfər çərçivəsində ölkələr arasında ikitərəfli iqtisadi əlaqələrin daha da genişləndirilməsi nəzərdən keçiriləcək .İran və Türkiyə arasında ticarət mübadiləsinin hazırda 16 milyard dollar olduğunu vurğulayan Əli Əkbər Salehi bu rəqəmin gələcəkdə 30 milyard dollara çatdırılmasının planlaşdırıldığını əlavə edib. Rəcəb Təyyib Ərdoğanın iki günlük səfər çərçivəsində İran prezidenti Mahmud Əhmədinejad, birinci vitse-prezident Məhəmməd Rza Rəhimi və parlamentin spikeri Əli Laricani ilə görüşü də planlaşdırılıb.

Yorumlar