Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin iclasında müzakirələr aparılıb
nsan hüquqları üzrə müvəkkilə (ombudsman) əlavə səlahiyyətlər veriləcək. Bu barədə Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin bu gün keçirilmiş iclasında məlumat verilib.
Milli Məclis sədrinin müavini, təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri nizamnaməsi”nə dəyişiklik edilməsi barədə məlumat verib. Bildirilib ki, nizamnamənin 5-ci maddəsinin 1-ci bəndinə təklif olunan əlavəyə əsasən Azərbaycan Respublikası insan hüquqları üzrə müvəkkili (ombudsman) və Milli Preventiv Qrupunun üzvləri istənilən vaxt maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən qarnizon qauptvaxtalarına daxil olub orada saxlanılan şəxslə görüşə, onların həmin yerdə saxlanılmasının qanuniliyini təsdiq edən sənədlə tanış ola bilərlər.
Bundan başqa, insan hüquqları üzrə müvəkkilə qarnizon qauptvaxtalarına müvafiq tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavab almaq hüququ verilir.
Müzakirələr zamanı komitə üzvləri insan hüquqlarının qorunmasının daha da təkmilləşdirilməsi üçün dəyişikliyin zəruriliyini vurğulayıb. Sonda qanun layihəsi təsdiqlənmək üçün Milli Məclisə tövsiyə olunub.
Yorumlar