IRAN REJIMI: KİŞİ TANRILAR VƏ ƏZİLƏN QADINLAR

Cinsiləşmiş cəmiyyət: "Günahkar" qadınlar Patriarxal dünyanın yaranması bir neçə tarixi proseslərin nəticəsində formalaşıb.Bu tarixi proseslər cəmiyyətdə qadın nüfuzunu aşağı salaraq kişilərin dominantlığına xidmət edib.Bu sistemdə kişinin sosial və fiziki gücünün artması qadının psixoloji, sosial və bioloji istismarına yol açıb.Nəticədə qadınlar sosial inkişafdan təcrid ediliblər.Patriarxal dinlərin və fəlsəfənin inkişafı, bu təfəkkürün nizam şəklinə salınmasında böyük rol oynayıb. Nəticədə kişi tanrılar qadın tanrıların yerini tutub. Hakimiyyətlərin fəlsəfi görüşləri və dini qayda-qanunları öz hökumətlərinin qanunu kimi istifadə etməsi nəticəsində qadınların statusu aşağı düşüb.Patriarxal hakimiyyətlər bu qaydalara tabe olmayan qadınları ilahi hakimiyyətə qarşı çıxmaqda günahlandırıb edama məhkum ediblər.Demək olar ki, qadınların hüququnu pozan ilahi hakimiyyətdən çox, tarix boyu adət-ənənlərə dayanan və patriarxal dini qayda-qanunlarla idarə olunan cinsiləşmiş ədalətsiz hakimiyyətlər olub. Patriarxal sistem: Sosial və bioloji istismarın ilk hərfləri.... Patriarxal tarixi proseslər nəticəsində bütün sosial və hakimiyyət strukturlarını kişilər ələ keçirib və cəmiyyətdə hər şey kişi xarakteri üzərində formalaşıb. Beləliklə, kişilər tarixin yaradıcısına, qadınlar isə bioloji vəsiləsinə və bazarına çevrilib. Bir sıra dövlətlərdə demokratik inqilablar nəticəsində qadın hüququ, kişi-qadın bərabərliyi bərpa olunsa da, ibtidai təfəkkür və düşüncənin hələ də hökm sürdüyü dövlətlər var. Dünyanın bir çox yerlərində olduğu kimi islam ölkələrində də qadınlar yüksək mədəniyyətə malik olmalarına rəğmən bir çoxları patriarxal sistemlərin və düşüncələrin buraxdığı izi və damğanı bu gün də daşıyırlar. Aparılan araşdırmalar nəticəsində qadınların daha çox islam ölkələrində hüquqlarının pozulduğu müəyyən edilib. Qadınların hüquqi və sosial istismarı daha çox şəriət qaydaları ilə idarə olunan dövlətlərdə, cinsiləşmiş cəmiyyətlərdə baş verir. İslam dövlətlərində qadınların hüquqlarını pozulması iki amildən asılıdır.Bunlardan biri cinsiləşmiş cəmiyyətdə daha çox dini, tarixi və adət-ənənlərə dayanan patriarxlıq, ikincisi isə şəriət hüququnun nəzəriyyəsi ilə bağlıdır.Bu iki faktorun birləşməsi ictimai sistemdə qadınlara qarşı ağır məhdudiyyət və aşağılanmış status qazandırıb.Lakin bu yanaşmalar və düşüncələr ölkədən ölkəyə fərqlənir.Bu dəfə İran nümunəsinə baxacağıq. İran: Cinsi və "ilahi" hakimiyyət İranda yaşayan qadınların vəziyyəti və həyat tərzi tarix boyu (xüsusən də islam inqilabından sonra) yuxarıda sadaladığımız iki faktorun birləşməsi nəticəsində formalaşıb. Daha çox islam inqilabından sonra meydana gələn və yeni rejim tərəfindən həyata keçirilən patriarxal şəriət qanunları əsasında qadınlar İran qanunlarında çox aşağı hüquqla təmin ediliblər. Bununla da yalnız ictimai deyil, hətta hüquqi cəhətdən də kişilərlə müqayisədə ayrı-seçkiliyə məruz qalıblar.Bu gün də İranda qadınlar evdə və ictimai fəaliyyətdə şiddətə məruz qalırlar. Ayətullah Mürtəza Mütəhhəri yazılarında Qərblə müqayisədə islam şəriətində qadınlara daha çox hüquqlar verildiyini bildirərək iranlı qadınların yeni müsəlman rollarını və vəzifələrini müəyyənləşdirsə də, islamlaşma adı ilə aparılan siyasi və ictimai proseslər nəticəsində həm ictimai təfəkkürdə, həm də cinsi “ilah” hakimiyyət tərəfindən hər cür ayrı-seçkiliyə və ədalətsizliyə uğrayırlar. Ölkədə islam inqilabından sonra bütün müxalif qruplar, o cümlədən də liberallar və solçular, ayətullah Xomeyni və onun tərəfdarları ənənəvi islam qaydalarına dayanan dövlət qurdular. Beləliklə qadınlar məhdudiyyətlərlə dolu, avtoritar rejimdə hüquqları istismar edilən təbəqəyə çevrildilər. Yeni istismarın ilk güllələri: Qara çarşabla sürünən qadın haqları İslam əxlaqının qoruyucuları kimi qeyd edilən qadınlar ictimai həyatda dövlət tərəfindən bir çox hüquq pozuntularına məruz qalırlar. Ayətullah Xomeyni inqilabdan üç həftə sonra məcburi hicabla bağlı bəyanat verdi. Hökumət qadınların qara çarşab geyinməsinə əmr verdi. Yeni geyim tərzinə qarşı çıxan qadınlar sərt şəkildə cəzalandırıldılar.Bir çox böyük şəhərlərdə hicaba və qara çarşaba etiraz edən qadınlar təcavüzə, cinsiləşmiş cəmiyyətin "hizbullah" əqidəli kişiləri tərfindən bıçaq və silah hücumuna məruz qaldılar.Hətta bir çox qadınlara fahişə böhtanı ataraq güllədilər.Beləliklə də 1980-ci ildən başlayaraq bütün hökumət idarələrində işləyən qadınlar qara çarşab geyinməyə məcbur edildilər. Qara çarşab islam hökumətinin simvoluna və müsəlman ümmətinin suverenlik göstəricisinə çevrildi. Təsbehli rejim: Totalitar sütunları hörən qadağalar İranda yeni qurulan rejimin qadınlara qarşı yönələn təzyiqləri bitmək bilmir. İdman fəaliyyətinə də qadağa qoyulan qadınlar yalnız hökumətin müəyyənləşdirdiyi idman sahələri ilə məşğul ola bilərlər. Qadınlar siyasətdən və dövlət işlərindən uzaqlaşdırıldılar.Mətbuat və əyləncə mərkəzləri də qadınların üzünə bağlandı.Minlərlə müəllimə, dövlət məmuru, və digər ixtisaslarda çalışan qadınlar zorla vəzifələrindən azad edildilər.Statistikaya görə, 1980-1985 illərdə 40 min müəllimə işdən çıxarılıb.İranın mediasında, məktəblərində, universitetlərdə yalnız hökumətin müəyyən etdiyi qadın hüquq və vəzifələri təbliğ olunurdu.Məsələn, orta məktəb kitablarında qadınlara uşaq böyütməyi və yemək bişirməyi öyrədirdilər.Cəmiyyətdə cinsi ayrı-seçkilik daha da dərinləşdi, qadın-kişi ictimai münasibətləri yasaqlandı.İslami rejim bütün bu məhdudlaşdırmaları dinin əmri, ilahi vəzifə kimi insanlara təqdim etdi.Bu məhdudiyyətlər və ədalətsizliklər 1979-cu ildən bu günə kimi davam edir.Nəticədə qadınlar ailə və cəmiyyətdə daha çox zorakılığa məruz qalırlar. Hüquqsuz qanunlar: çılpaq əxlaq dəyərləri Şiə və fars ənənələrini yeni formalaşdıran rejim Xomeyninin əmrlərinin və şərhlərinin ilahi təmələ dayandığını xalqa diktə etdi. İran Konstitusiyasının IX fəslinə istinadən ayətullahlardan təşkil olunan rəhbərlik şurası məclisi ali dini lideri ölkədə Allahın və imamzamanın yer üzündə nümayəndəsi kimi xalqa təqdim edib ona vətəndaşların özəl həyatına, dövlət orqanlarına, prezidentə, silahlı qüvvələrə, məhkəmə sisteminə, mediaya və həyatın qalan bütün sahələrinə əmr vermək səlahiyyəti verdi. İran Konstitusiyasında qadınlarla bağlı bir-birinə zidd məqamlar var. Ana yasanın 21-ci maddəsində qədim ənənə və cinsiləşmiş cəmiyyətdə olan dəyərlər əsasında qadınlara bir sıra xüsusi haqlar və vəzifələr müəyyənləşdirilib. Konstitusiyanın 20-ci maddəsində qadın-kişi bərabərliyindən bəhs olunsa da, 4-cü maddədə deyilir ki, bütün mədəni, iqtisadi, idari, mədəni, siyasi, hərbi və s. sahələrdə islami qayda-qanunlar əsas götürülür. Demək bu maddə 20-ci maddəni təkzib edir.Çünki şəriət qaydalarında qadın-kişi ayrı-seçkiliyi aydın şəkildə göstərilib və qanun şəklinə salınıb.Son zamanlar bir sıra şəhərlərdə qadın restoranları açılıb, qadın taksiləri xidmətə buraxılıb. Universitetlərə qadınların kişilərlə müqayisədə daha az qəbul olması, universitetlərdə qızlar və oğlanlar üçün ayrıca giriş qapılarının olması, hətta uşaq bağçalarında oğlan və qız uşaqlarının ayrı-ayrı otaqlarda saxlanılması və s. cəmiyyətin sosial inkişafına zərbə vurur. İslam inqilabından sonra İranda qəbul olunan istər islam cəza qanunu, istərsə də qanunlarda qadının kişidən aşağı və daha az hüquqa malik olduğunu açıq şəkildə qeyd edilib. İrsdə, mirasda, boşanmada, ailə qurmaqda, valideyn haqlarında da daha çox hüquqlar kişilərə verilib. Qadınlar ailə daxilində də atasının, qardaşının və digər kişi qohumlarını icazəsi olmadan bir iş görə bilməz. Hətta pasport alması üçün qadına atası, qardaşı və ya həyat yoldaşı notariusla təsdiqlənmiş razılıq ərizəsi almalıdır.Bu ayrı-seçkilik cəza qanunlarında da özünü göstərir.Son zamanlar mühafizəkarların hakimiyyəti ələ keçirməsindən sonra bu qanunlar daha sərtləşdi.Demək olar ki, İran cəmiyyətində qadınlar qula çevrilib.Qadınların əxlaq polisinə verilməsi, hicaba görə məhkəməyə verilərək cəzalandırılması cəmiyyətdə və dövlət idarələrində müntəzəm olaraq baş verir. Müstəmləkə Güney Azərbaycan: qadın və türk olmağın cəzası Bu yaranan vəziyyət Güney Azərbaycanda yaşayan qadınlara da mənfi təsir edir.Güney Azərbaycanın iqtisadi və ictimai cəhətdən İran dövlətinin müstəmləkəsinə çevrilməsi və istismar olunması kişilərdən daha çox, qadınların həyatında ağır izlər buraxıb. İranın irtica siyasəti nəticəsində Güney Azərbaycana ayrılan az miqdarda resurslardan daha çox kişilər faydalanıb. Güney Azərbaycan qadını həm türk, həm də qadın olduğu üçün əzilməkdədir.Statistikalar azərbaycanlı qadınların İranda yaşayan başqa etniklərlə müqayisədə daha çox hüquqlarının pozulduğunu göstərir. Son: ...Ya da sonun başlanğıcı İranda qadın hüquqlarının təmin olunması üçün patriarxal rejim kökdən dəyişməlidir.Bu ziyalı qadınların və kişilərin birlikdə mübarizəsi ilə mümkündür.Rejimin dəyişdirilməsi və hüquq bərabərliyinə dayanan hüquqi, demokratik dövlətin qurulmasında gərəkdir. İranda qadın haqları uğrunda mübarizə aparanların əksəriyyəti fars millətçiliyi təfəkkürünə, fars mədəniyyətinə və taixinə əsaslanaraq qadın problemlərini araşdırır və fəaliyyətləri yalnız Tehran şəhərini əhatə edir. Qeyri-fars kökənli qadınların problemləri isə araşdırılmadan qalır.Patriarxal dini rejimdən qurtuluşun ən önəmli yollarından biri cəmiyyətin başqa təbəqələrinin, fərqli mədəniyyətə malik sosial qrupların və bütün milli mənsubların nəzərə alınmasıdır.Mübarizədə də plüralizm olmadan bu yolda mücadilənin qələbəsi mümkünsüz görünür.Məsələyə yalnız bir istiqamətdə baxmaqla demokratik nəticə əldə etmək mümkün olmayacaq.............................. ElÇİN HATƏMİ

Yorumlar