Dmitri Medvedev prezident postunda dörd illik fəaliyyətini dəyərləndirib.................................
Mayın 7-də prezident səlahiyyətlərini təhvil verəcək Dmitri Medvedev Rusiya telekanallarına böyük yekun müsahibəsini verib. Dmitri Medvedev yüksək dövlət postunda dörd illik fəaliyyətini dəyərləndirib və gələcək planlarını bölüşüb. Bundan əvvəl prezident yalnız 3 federal telekanala müsahibə verirdisə, bu dəfə onlara "REN TV" və "Dojd" kimi iki özəl telekanal da qoşulub. Bir saat yarım çəkən müsahibədə ilk sual liberal dəyərlər və azadlıq barədə olub. Rusiya dövlət başçısı ölkədə vətəndaş azadlığı sahəsində ciddi irəliləyişin olduğunu qeyd edib. O, bu yaxınlarda insanların meydanlara çıxmasını buna nümunə gətirib və əmin olduğunu bildirib ki, həmin insanların hər biri siyasi baxışlarından asılı olmayaraq azad olduğunu deyəcəkdi. Rusiya prezidenti həmçinin iqtisadi vəziyyət, islahatlar, məmurların cavabdehliyi, korrupsiya ilə mübarizə, məhkəmə sistemi ilə bağlı sualları da cavablandırıb. Dmitri Medvedev Rusiya iqtisadiyyatının diversifikasiya sürətindən məmnun olmadığını deyib və bu istiqamətdə işi davam etdirəcəyinə də söz verib.
Xatırladaq ki, Dmitri Medvedev iki gün əvvəl Dövlət Şurasının geniş iclasında prezident postunda yekun çıxışı etmişdi. Sabah isə onun hakim "Vahid Rusiya" partiyasının nümayəndələri ilə görüşü planlaşdırılıb.
Yorumlar