Çöhrəqanlını Azərbaycana niyə buraxmırlar? – AÇIQLAMA

Güney Azərbaycan Milli Oyanış Hərakatının rəhbəri (GAMOH) Mahmudəli Çöhrəqanlı uzunmüddətdir ki, nə Türkiyə, nə də Azərbaycana gələ bilmir. Hazırda ABŞ-da mühacirət həyatı yaşayan Çöhrəqanlı ANN.Az portalına açıqlamasında Türkiyədən deportasiya edilməsi və Azərbaycana buraxılmaması haqqında danışıb.................................
“6 il əvvəl Türkiyədə olanda çox yaxşı görüşlərimiz, müsahibələrimiz oldu. Axşama yaxın 4-5 nəfər gəldi ki, bəs bizimlə əmniyyətə getməlisən. Orada məni 15-16 saat saxladılar. Daha sonra heç sənədlərimi də yığmağa imkan vermədən məni deportasiya etdilər. Məni hətta İran tərəfinə vermək istəyirdilər. Türkiyədə insan hüquqları üzrə bəzi təşkilatlar, ABŞ səfirliyi məsələyə qarışdı, mənim uğrumda mübarizə apardılar. Bundan sonra mənim iki şəhərə getməyim qalırdı- biri Nyu-York, digərisə Bakı idi. Mən Bakıya getmək istəyirdim və gəldim də. Bakıya gələn kimi jurnalistlər mənə dəyməyə gəldi. Onlara dedim ki, hələ indi gəlmişəm, yaxşı olar ki, bir neçə saatdan sonra görüşək. Elə bir az keçmişdi ki, 4 məmur gəlib mənə dedi ki, sizin qaldığınız bu yer təhlükəsiz deyil. Biz tezliklə buranı tərk etməliyik. Mən də bu məmurlarla qulaq asıb, onlarla getdim. Bizi bir gün təhlükəsiz bir yerdə saxladılar. Daha sonra səhər tezdən məni aeroporta gətirib, ordan da Nyu-Yorka göndərdilər. İndi mən altı ildir Amerikadayam”. GAMOH lideri Türkiyədən deportasiya edilməsinin və Bakıdan Nyu-Yorka yola salınmasının səbəblərindən də danışdı. Onun sözlərinə görə, Türkiyə və Azərbaycanın İranla bağladığı hansısa müqavilədə onun da adı keçirmiş: “Bu barədə çox etibar etdiyim mənbələr mənə bildirib. Bu müqavilələrdə mənim deportasiya edilməyimlə bağlı maddə var. Səbəb kimi də İran əleyhinə fəaliyyət göstərməyim göstərilib”. M.Çöhrəqanlı ABŞ-da olduğu müddətdə bir dəfə Türkiyəyə səfər etməyə cəhd edib. Oğlunu Türkiyənin Vaşinqtonda olan səfirliyinə viza üçün göndərib. Lakin səfirlikdən yenə rədd cavabı alıb. Daha sonra bu ilin aprel ayında Dünya Azərbaycanlıları Konqresinin Donetskdə keçirilən qurultayına qatılan Mahmudəli bəy oradan tranzit reysi ilə ABŞ-a qayıdıb. Amma təyyarə bir neçə saatlıq İstanbulda dayanmalı olub. Orada başına gələnləri isə Çöhrəqanlının dilindən eşidək: “Bunu ilk dəfə sizə deyirəm. Təyyarəmiz İstanbula endi və bildirdilər ki, bir neçə saat burada qalacağıq. Biz bu bir neçə saatı dincəlmək üçün havala limanının hotelində qalmaq istədik. Məlum oldu ki, bu hotel aeroportun ərazisindən kənardadır. Məni aeroportun ərazisindən çölə buraxmadılar. Dedilər, pasportunda problem var, sizə Türkiyəyə gəlmək yasaqdır. olduğu söylədi. Mən izah etməyə çalışdım ki, biz bir neçə saatlıq məcburi eniş etmişik, burada qalmaq fikrində deyilik, sadəcə dincəlmək istəyirik”. GAMOH lideri bildirir ki, Azərbaycan və Türkiyə ona doğma ölkələrdir, bu ölkələrə həsrət qalmasının tezliklə sona çatmasını arzulayır. “Türkiyə Xarici İçlər naziri Davudoğluna da problemin həlli üçün məktubla müraciət etmişdim. Mənə cavab yazıldı ki, bir az gözləyim”. Amma Mahmudəli bəy indiyə qədər Azərbaycan tərəfinə hansısa yazılı müraciət etməyib. “Nə səfirliyə, nə Xarici İşlər Nazirliyinə bu məsələ ilə bağlı rəsmi müraciət etməmişəm. Doğrusu, istəmirəm ki, pasportuma Azərbaycana daxil olmağımla bağlı rədd cavabı düşsün. Hər halda ABŞ-da harada yaşadığımı yəqin ki, bilirlər. Qadağanın götürülməsi ilə bağlı bir fikirləri olsa, mənə xəbər çatdıra bilərlər. Mən Azərbaycana, vətənə dönməyi çox arzulayıram”. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev isə ANN.Az-a açıqlamasında bildirdi ki, GAMOH lideri viza üçün rəsmi müraciət etməlidir. “Hər kəsin viza üçün müraciət etmək hüququ var. Mahmudəli Çöhrəqanlı da Azərbaycanın ABŞ-dakı səfirliyinə rəsmi müraciət etməlidir. Onun müraciətinə qanun çərçivəsində araşdırılaraq, cavab veriləcək”. Elkin Xəlilov ANN.Az

Yorumlar