Etiraf etmək lazımdır ki, son aylarda Azərbaycan-İran münasibətləri olduqca mürəkkəb geosiyasi auraya malikdir.
Bu da faktdır ki, Azərbaycan kifayət qədər çətin olan geosiyasi çevrə ilə əhatələnib və belə bir mühitdə o daim manevrlər etmək məcburiyyətindədir.
Bakıda və Tehranda nə qədər qarşılıqlı “dostluq və səmimiyyət” münasibətlərindən danışsalar da, bu iki ölkənin milli və təhlükəsizliklə bağlı maraqları fərqlidir.
Bu faktdır ki, Azərbaycan özünün hərbi potensialının güclənməsini ABŞ və İsraillə hərbi əməkdaşlığın inkişaf etdirilməsində və sözügedən ölkələrdən müvafiq müasir texnikanın alınmasında görür.
Rəsmi Tehran isə tez-tez öz diplomatik reveranslarını Ermənistanın xeyrinə dəyişərək hesab edir ki, qonşuluğunda Azərbaycan-İsrail tərəfdaşlığının mövcudluğu onun milli maraqlarına təhlükə törədir.
Rəsmi Bakının dəfələrlə İran İslam Respublikasının (İRİ) daxili işlərinə qarışmaq niyyətində olmadığını və Azərbaycan ərazisindən bu ölkəyə qarşı Qərbin ehtimal edilən hərbi əməliyyatlarının keçirilməsi məqsədilə istifadə edilməyəcəyini bəyan etsə də, başda ayətullah Xameneyi olmaqla, İranın molla rejimi buna inanmır.
Həm də ki, Tehranın Bakının müstəqil həyata keçirdiyi siyasəti bəyənməməyi azmış kimi, o hələ də müstəqil Azərbaycan dövlətinin özünün mövcudluğunu belə özü üçün təhlükəli hesab edir.
Azərbaycan öz müstəqilliyini 1991-ci ilin oktyabrında yenidən bərpa edəndən sonra, İslam Respublikasında ciddi şəkildə narahatlıq keçirtdilər və hələ də narahatdırlar ki, İranda yaşayan 35 milyonluq azərbaycanlı əhalisinin nəzərində Azərbaycan indi, ya da gələcəkdə daha cəlbedici görünər.
Təsadüfi deyil ki, bir müddət əvvəl İİR Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi Seyid Həsən Firuzabadi Azərbaycan xalqının və dövlətinin əleyhinə xoşagəlməz ifadələr işlətməyi özünə rəva bilmişdi. Buna cavab olaraq, Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Tehrana qarşı etiraz notası göndərməli oldu. Son vaxtlar Tehran rəsmi Bakı ilə ancaq ultimatumlar dili ilə danışmağa davam edir.
Buna görə də, İranda ayətullahların indiki rejimi müstəqil və dünyəvi Azərbaycan haqqında həddən artıq mənfi imic yaratmaq üçün dəridən-qabıqdan çıxır. Azərbaycan dilində yayımlanan (məsələn, “Səhər” telekanalı) İran telekanallarının bu cür təxribat xarakterli, daha çox Azərbaycanın əleyhinə fəaliyyəti də məhz buna yönəlib.
Bundan əlavə, İranın ruhani islam elitası belə hesab edir ki, Bakıya güvənmək olmaz və buna görə də Azərbaycana daim təzyiq göstərməyə üstünlük verir.
Yüksək çinli məmurlar hətta bir neçə dəfə Azərbaycanı da İsrail dövləti kimi yer üzündən silməyə söz veriblər. Bu gün bu faktdır ki, rəsmi Tehran tərəfindən təzyiqlər artdıqca Azərbaycan hakimiyyət orqanları da İranın təsirinə qarşı müvafiq addımlar həyata keçirir. İranı açıq-aşkar şəkildə qıcıqlandıran fakt ondan ibarətdir ki, İlham Əliyev hakimiyyətinin sabit siyasi quruluşu İranın müstəqil Azərbaycanın siyasi həyatına qarışmaqla bağlı təsir vasitələrini və bunun üçün İranın əlində olan potensial imkanları beşiyindəcə qətiyyətlə məhv etməkdə israrlıdır.
Yaddan çıxarmayaq ki, molla rejimin olduğu İranı Azərbaycan-İsrail münasibətlərinin güclənməsi daim qıcıqlandırır. Lakin təzad yaradan fakt ondan ibarətdir ki, məhz Ermənistan rəsmi Tehranla strateji münasibətlərə malikdir.
Ayətullahların rejimi hər yerdə cəmi müsəlmanların müdafiəçisi olduğunu bəyan etsə də, məhz elə İran Azərbaycanın 20% ərazisinin ermənilər tərəfindən işğal edilməsini, sərhədlərində 1 milyon azərbaycanlı qaçqın-şiələrin məskunlaşmasını nə üçünsə görmür, yaxud da görmək istəmir.
Rəsmi Tehran öz milli təhlükəsizliyi və ərazi bütövlüyü ilə əlaqəli olan kifayət qədər konkret məqsəd güdməkdədir, daha doğrusu: bu məqsəd müstəqil, qüvvətli və dünyəvi Azərbaycanın güclənməsinə yol verməməkdən ibarətdir.
İran yaxşı başa düşür ki, müstəqil Azərbaycanın, o cümlədən həm də dünyəvi Azərbaycanın güclənməsi cənubdakı 35 milyonluq azərbaycanlının müstəqil Azərbaycanla birləşməklə əlaqədar olan milli hisslərinə təsir edir və gələcəkdə də təsir edəcək.
Bu baxımdan da, Tehran rəsmi Bakını dostluq və dəstək bəyanatları ilə əmin edərək, həqiqətdə Cənubi Qafqaz bölgəsində tamam başqa, ikiüzlü və riyakar antiazərbaycan siyasətini həyata keçirir.
Rəsmi Tehran bütün dünyada “məzlum və məhrumiyyətlərə məruz qalmış müsəlmanların müdafiəçisi qismində çıxış edir. Burada isə müsəlman şiələrin yaşadığı, 20% torpağı Ermənistan tərəfindən işğala məruz qalan və 1 milyon müsəlman qaçqını olan Azərbaycanın müsəlmanlarını unudaraq, təcavüzkar dövlətlə münasibətlər qurur.
Belə bir sual yaranır: nə üçün İranın siyasi elitası və dini rəhbərliyi müsəlmanların məskunlaşdığı Azərbaycanın 20% ərazilərini işğal edən və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Ermənistandan işğal olunmuş Azərbaycan ərazilərindən çıxmağı tələb edən 4 qətnaməsini yerinə yetirməyən Ermənistanı qınamadılar?
Lord Palmertsonun müdrik sözlərini xatırlamaq lap yerinə düşür: “Bizim nə daimi düşmənlərimiz, nə də daimi dostlarımız var, bizim yalnız daimi maraqlarımız mövcuddur”.
Təəssüflər olsun ki, bugünkü gündə bu, beynəlxalq münasibətlərin sərt reallığıdır və düşünürəm ki, Azərbaycan da bunu dərk edir və anlayır.
İki ay bundan əvvəl Fərid Hüseyn və Şəhriyar Hacızadə rəsmi şəkildə Tehrana İran şairinin şeirlər toplusunun təqdimat mərasiminə dəvət olundular və tədbirdən geri qayıdarkən mayın 2-də Təbrizdə həbs edildilər. İran hakimiyyət orqanları onların həbsdə olmasını iyunun 21-də etiraf etdi, lakin həbs olunmalarının səbəbləri barədə heç bir rəsmi izahat verilmədi.
Artıq üçüncü aydır ki, heç bir səbəb olmadan Təbrizdə həbs edilən azərbaycanlı şairlər hələ də azad edilməyiblər. Hamıya tamamilə aydındır ki, bu gənc azərbaycanlı şair-ziyalılar xəfiyyəçilik və narkotiklərlə əlaqəli olmayıblar. Bu da aydındır ki, İranın molla rejimini İrana poeziya festivalında iştirak etməyə gəlmiş istedadlı Azərbaycan gəncliyi, belə istedadlı gənclərin yetişməsi qorxuya salır və qıcıqlandırır.
Əvvəlcə bu gəncləri hansısa miqrasiya qanunlarını pozmaqda ittiham etdilər, indi isə onlara qarşı narkotik qaçaqmalçılığı və İsrailin lehinə xəfiyyəçilik etmək ittihamları irəli sürülməkdədir. Bu şairlərə qarşı irəli sürülən ittihamların doğurduğu böyük təhlükəni dərk etmək olduqca vacib məsələdir.
Ayətullahların rejimi kifayət qədər soyuqqanlı şəkildə onları edama məhkum edə bilər.
Burada birbaşa olaraq, İranın ayətullah rejiminin bilavasitə qulluqçuları olan “Hizbullah” və “HƏMAS” terror təşkilatlarının xətti açıq-aydın sezilir.
19 yaşlı İsrail əsgəri olan, həbs edilən, bəşər cəhənnəminin bütün əzablarından keçən, demək olar ki, beş il “HƏMAS”ın qaranlıq zirzəmilərində və zindanlarında yatan, İsrail dövlətinin 1500 fələstinli terrorçuya dəyişdiyi Gilad Şalitlə bağlı hadisəni xatırlamaq kifayətdir.
Bu gün də İran riyakarcasına Azərbaycanın iki gənc şairini həbs edərək, onları İslam partiyasının başlıca funksionerləri (daha doğrusu, İran xüsusi xidmət orqanlarının Azərbaycan ərazisində açıq-aydın şəkildə antiazərbaycan fəaliyyəti həyata keçirən faktiki agentləri), eləcə də “Səhər” telekanalının narkotiklərin saxlanması maddəsi ilə ittiham olunan ştatdankənar müxbiri ilə dəyişməyə cəhd göstərir.
Tamamilə aydındır ki, İrana qarşı beynəlxalq təzyiq nə qədər güclü olarsa, Bakı və Tehran arasında münasibətlər də bir o qədər pisləşəcək.
Lakin ən qorxulusu, Azərbaycanın tanınmış jurnalisti Azər Qəribin də öz məqaləsində qeyd etdiyi kimi: “Fərid Hüseyn və Şəhriyar Hacızadə İran həbsxanasında, bu əsl mənada qorxulu, Avropa İttifaqının (Aİ) standartlarından çox uzaq olan zindanda yatmalı olacaqlar, İran həbsxanasında mülki geyimdə və təmiz kostyumda yatmırlar və onların da görüşünə diplomatlar və ombudsman gəlmir. Bu işgəncələr və əzablarla, nəzarətçilərin təhqirləri və residivistlər tərəfindən alçaldıcı hərəkətlərlə dolu olan əsl cəhənnəmdir”.
Bu gün ürəklərimiz bu azərbaycanlı şairlərlə və onların ailələri ilə birgə döyünür. Fərid Hüseynin və Şəhriyar Hacızadənin İran həbsxanasının divarları arasında hansı əzablara düçar olduqlarını təsəvvür edirik.
Düşünürəm ki, bütün beynəlxalq hüquq-müdafiə təşkilatları bir tərəfdən Azərbaycanın 20% torpağını işğal etmiş Ermənistana özünün ən yaxın dostu adlandıran, digər tərəfdən İranda yaşayan 35 milyon azərbaycanlının (onlara özlərinin dilini və mədəniyyətlərini inkişaf etdirmək hüququ verilmir) hüquqlarını açıq-aşkar şəkildə pozan, İrana poeziya festivalında iştirak etmək üçün gələn müstəqil Azərbaycan dövlətinin vətəndaşlarının hüquqlarını tapdalayan İran ayətullahları rejiminə öz etirazlarını bildirməlidir. İslam inqilabını bütün islam dünyasına ixrac etməyin xəyalı ilə yaşayan ən radikal və terrorçu rejimin siyasəti və əxlaqı məhz bundan ibarətdir.
Düşünürəm və hətta əminəm ki, dünyəvi və müstəqil Azərbaycanda belə bir inqilaba yer yoxdur, çünki Azərbaycan xalqının özünün xüsusi və işıqlı, ancaq Azərbaycanın milli maraqlarına söykənən, Azərbaycanın dövlət müstəqilliyinə, sərbəst və azad xarici siyasət strategiyasına söykənən inkişaf və tərəqqi yolu mövcuddur.
Yorumlar