Bu ölkədə gedən qanlı döyüşlərdə Azərbaycan da ağır itki verə bilər!..............................
Suriyada gedən qanlı döyüşlərdə Azərbaycan da ağır itki verə bilər. Bu itkinin nədən və ya kimdən ibarət olduğu barədə Mir Şahinin reportajı.
Suriyada üsyançılar və hökumət qüvvələrinin Hələb şəhərinə nəzarəti ələ keçirmək üçün apardığı müharibə YUNESKO-nun siyahısında olan bu qədim mədəniyyət və tarixi abidələr mərkəzini hər gün daha şiddətlə darmadağın edir. “Min bir gecə” nağıllarının əsrarəngiz şəhəri Hələbdən demək olar ki, indi yalnız mobil telefonların kamerasına çəkilərək pozuq keyfiyyətlə dünyaya yayılan bu kadrlar qalıb. Hələb Azərbaycana bir başqa səbəbdən xüsusilə əzizdir. Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin məzarı məhz burada yerləşir.
Son zamanlar artıq qırıcı təyyarələrin də qatıldığı bombardmanlar Hələbi artıq viran qoyub. İmadəddin Nəsiminin məzarının bu dəqiqələrdə hansı vəziyyətdə olduğunu deyə biləcək bir kəs hələ ki, yoxdur. Necə deyərlər uşaqlı -böyüklü hamının ət maşınından keçdiyi bir ölkədə məzar axtarmaq bəlkə də qəribə görünür. Amma İmadəddin Nəsimi Azərbaycanın rəmzi olaraq tamamilə başqa bir məna daşıyır. Azərbaycan dövləti, Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi, YUNESKO-dakı numayəndəmiz əlindən gələn, hətta gəlməyəni belə etməlidir ki, Nəsiminin məzarı, onun bu günkü vəziyyəti barədə müfəssəl məlumat əldə edə bilsin. Təkrar edirik, Hələb bir şəhər olaraq YUNESKO tərəfindən qorunur. Amma necə qorunduğunu bu kadrlar bizdən yaxşı bilir. Nəsiminin məzarı da bundan artıq qorunmayacaq. Azərbaycan nələrsə etməlidir. İraqda müharibə gedəndə bəxtimiz gətirdi, Kərbəlada Məhəmməd Füzulinin qəbrini Allah saxladı. Bəlkə də İmam Hüseynin ayaqları altında dəfn olunduğu üçün. Nəsiminin məzarı isə təkdir. O bu saat Allah bilir nələr çəkir. Bunu hər bir azərbaycanlı öz dərisində hiss etməlidir. Çünki Nəsiminin dərisi yoxdur. O çoxdan soyulub.
Yorumlar